Deputat Baş Nazirə vətəndaşların təklifini çatdırıb

deputat-bas-nazire-vetendaslarin-teklifini-catdirib
Oxunma sayı: 2272

Deputat Qənirə Paşayeva parlamentin bu gün keçirilən iclasında kənd təsərrüfatı rayonlarının suvarma sistemi ilə bağlı probleminə toxunub. 

“Qafqazinfo” xəbər verir ki, Q. Paşayeva bildirib ki, kənd təsərrüfatı təyinatlı rayonların əhalisinin əsas gəlir mənbəyi bu sahədəndir: “Ancaq suvarma sistemlərinin inkişafı olmadan bu sahəni inkişaf etdirmək mümkün deyil. Mən təmsil etdiyim Tovuz rayonundan əhalinin çağırışı ilə bağlı demək istəyirəm ki, bu mövsüm də ötən mövsüm kimi  quraqlıq keçərsə ciddi problemlərlə üz-üzə qalacaqlar. Cənab Prezident də bu suvarma sistemləri ilə bağlı məsələyə ciddi diqqət yetiriləcəyini çıxışında vurğuladı. Baş Nazir Əli Əsədova insanların iki təklifini çatdırmaq istəyirəm. Bunlardan biri Zəyəm çayı üzərində su anbarının tikintisidir. Bu, həmçinin Şəmkir kəndlərinin də suvarma problemini həll edə bilər.

İkinci təklif isə budur: Kür çayından Qovlar şəhərinə 4 pilləli su nasoslarıyla su vurularsa bu problem aradan qalxar”.

Deputatlar Jalə Əliyeva, Ramil Həsən, Səməd Seyidov da təmsil etdikləri rayonlarda suvarma probleminin ciddi narahatlıq yaratdığını vurğulayıblar.

Spiker Sahibə Qafarova da deputat həmkarlarını dəstəkləyib. O qeyd edib ki, təmsil etdiyi Şəmkir rayonunda da bu problem var: “Təbii ki, biz bununla bağlı  işlər görəcəyik”.

Günel Türksoy