Deputat Diaspor Komitəsinin adından narazıdır

deputat-diaspor-komitesinin-adindan-narazidir
Oxunma sayı: 1443

Deputat, parlamentin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov Diasporla İş üzrə Dövlət Komitəsinin adının düzgün yazılmadığını tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, deputat parlamentdə bildirib ki, Azərbaycanın milli təltifləri sırasına daxil olan yeni medalın-“Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi və onun ətrafında müzakirələrin unudulmaz Heydər Əliyevin anım günü ərəfələrinə təsadüf etməsi qanunauyğun və müəyyən mənada rəmzidir:

"Çünki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra dövlətimizə rəhbərlik eləməyə başladığı ilk gündən etibarən Prezident Heydər Əliyevin əsas niyyətlərindən, əsas səylərindən biri Azərbaycanın diaspora quruculuğuna  yönəlmişdi. O, xarici ölkələrə səfərlərində vaxtın məhdudluğuna baxmadan, işin çoxluğuna rəğmən, daim çalışırdı ki, mütləq səfər etdiyi ölkələrdəki diaspora nümayəndələri ilə müzakirələr aparsın, onları Azərbaycana daha yaxın etmək səmtində səylər göstərsin. O təşəbbüslərin bir çoxunun mən canlı şahidiyəm və nəticə etibarilə bu gün Azərbaycanda Diaspora İşləri üzrə Dövlət Komitəsi varsa və uğurlu fəaliyyət göstərirsə, bütün bunlar unudulmaz Heydər Əliyevin illər boyu addım-addım apardığı işlərin nəticəsidir. Diaspor fəaliyyətində xidmətə görə medalının təsis olunması son dərəcə əlamətdar və vaxtında baş verən bir hadisədir. Çünki, az öncə AXC-nin 100 illiyi ilə əlaqədar təsis edilmiş medalın layiq görüldüyü və müxtəlif dünya ölkələrində yaşayan ayrı-ayrı soydaşlarımızın təltif edilməsi əsnasında ona şahid olduq ki, o insanlarda nə qədər böyük ruh yüksəkliyi oyadır, onların içərisində Azərbaycana olan sevgini nə qədər artırır. Sanki o medal əlavə bir körpüyə çevrilərək dünya boyu səpələnmiş azərbaycanlıları vətənimizə bir az da yaxınlaşdırır. Ona görə düşünürəm ki, diaspora fəaliyyətində fəal olan ayrı-ayrı insanların gələcəkdə bu medalla təltif edilməsi çoxdan gözlənilən bir boşluğu yetərincə dolduracaq. 

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə bizim sabit həmkarımız Fuad Muradovun gəlişindən sonra inamla demək olar ki, yeni bir mərhələ başlanmışdır. Ən əvvəl Azərbaycan diasporasının müxtəlif ölkələrdəki təmsilçiləri arasındakı anlaşılmazlıqlara, soyuqluqlara son qoyulmuşdur. Bunun da ardında ardıcıl aparılan danışıqlar, çoxlu görüşlər, müxtəlif qütblər arasında yaxınlaşmanı təmin etmək yolunda Komitənin sədri Fuad Muradovun  səyləridi, çalışqanlığıdı.  İnanırıq ki, gələcəkdə də bu səylər uğurla davam etdiriləcək. 

“Diaspora fəaliyyətində xidmətə görə” medalının özü haqqında da bunu demək olar ki, medal tərtibatı baxımından yetərincə cazibəlidir, milli və dünyəvi elementlər çox uğurlu şəkildə qovuşmuşdur, sadə bir şəkildə Azərbaycanın diaspora quruculuğunun fəlsəfəsi ifadə edilmişdir. İnanırıq ki, bu medalın Azərbaycanın təltifləri  sırasına qatılması gələcəkdə diaspora quruculuğuna öz töhfəsini verəcəkdir.
Lakin bir məsələ ilə bağlı düşüncəmi ayrıca ifadə etmək istəyirəm. Elə məsələlər var ki, onların haqqında müzakirələr aparmaq, fikir mübadiləsinə qatılmaq, mübahisə etmək olar. Lakin elə suallar var ki, orda cavab birdir. “Diaspora” sözü yunan kəlməsidir və ingilislər də, ruslar da, bu sözü qəbul edən hər kəs onu diaspora kimi yazır.  Qəribədir ki, yalnız bizdə bu söz “diaspor” kimi yazılır. “Diaspor” kimya elminə aid bir sözdür və əslində yazılışını nəzərə alsaq, o da “dispora” kimi yazılır. Yəni xaricdə yaşayan soydaşları əks etdirən “diaspora” kəliməsi məhz elə “diaspora” kimi də yazılmalıdır. Mənim istəyim ondan ibarətdir ki, gələcəkdə bu medalın adında da, Komitənin adında da “diaspora” sözü işlənərkən o yazılmalı olduğu şəkildə- “diaspora” kimi yazılsın".

Günel Türksoy