Deputat-direktor müəllimlərin dərs saatını azaltdı - Naxçıvan məktəbində insident

deputat-direktor-muellimlerin-ders-saatini-azaltdi
Oxunma sayı: 3724

Naxçıvanda 12 nömrəli məktəbə yeni təyinat alan direktorla müəllimlər arasında insident baş verib. Buna səbəb isə müəllimlərin dərs saatlarının azaldılmasıdır. Belə ki, müəllimlər dərs saatlarının azaldılmasına etiraz əlaməti olaraq, dərslərə girməkdən imtina ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı jurnalist Sara Əzimova sosial şəbəkə hesabında ictimailəşdirib. 

İddialara görə, yeni direktor Turan Məmmədli məktəb daxilində ilk iclası keçirərkən bəzi müəllimləri ağır ifadələrlə təhqir edib:

“Onları maaşlarını kəsdirəcəyi ilə hədələyib. Eyni zamanda müəllimlərin saatlarını da mənimsəyib. Deputat özünü yeni rəhbərliyin yaxın adamı kimi təqdim edib. Dünən münaqişə o həddə çatıb ki, məktəbin bütün şagirdləri təxliyə edilib. Təhqir olunmuş bir neçə müəllimin səhhətinin pisləşdiyi, bir müəllimin isə infarkt keçirdiyi bildirilir”.

Məktəbin direktoru Turan Məmmədli Baku TV-yə bildirib ki, bu vaxta kimi sözügedən məktəbdə təsviri incəsənət fənnini biologiya və kimya müəllimləri tədris edib. O deyib ki, yeni müəllimin dərs saatlarını nizamlamaq məqsədi ilə digər müəllimlərin qrafikində müəyyən dəyişikliklər edilib:

“Burada müəllimlər qruplaşma yaradıblar. Bunun səbəbi mənim dərsə davamiyyət, şagirdlər üzərində nəzarət tələbləri qoymağımdır”.

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məktəbə gəldiyi bildirilib.

Naxçıvan Muxtar Respublikasının Təhsil idarəsinin müdiri Baba Əliyev deyib ki, Məmmədli Turan Bayməmməd qızı 1 fevral 2023-cü ildən 12 nömrəli məktəbin direktoru kimi fəaliyyətə başlayıb: “Fevralın 2-də məktəbin müəllim kollektivi tərəfindən müraciətlər olub. Məsələnin yerində həlli üçün fevralın 2-də məktəbə yollandıq. Bəzi anlaşılmayan məsələlər vardı. Bununla bağlı qərar qəbul olunacaq. Kimya və biologiya müəllimləri öz dərs saatlarında qalacaq. İndiyə qədər məktəbdə təsviri incəsənət fənnini tədris edən müəllim olmadığından həmin dərsin yükü kimya və biologiya müəllimləri arasında bölüşdürülüb. Daha sonra vakansiya elan edilib və hazırda məktəbə təsviri incəsənət fənnini tədris edən müəllim var. Ona görə də dərs saatları həmin müəllimə verilib”.

Qeyd edək ki, T.Məmmədli həm də Naxçıvan Ali Məclisinin deputatıdır.