Deputat fəaliyyətinə dair hesabat verdi - “1815 ünvanda olmuşuq”

Deputat fəaliyyətinə dair hesabat verdi
Oxunma sayı: 5171

“May ayında dairəmizin sakinləri tərəfindən 456 müraciət qəbul etmişik. Bu müraciətlərin 448-i şifahi və əsas etibarilə pandemiya ilə əlaqədar karantin rejiminin məhdudiyyətləri ilə bağlı olub. Seçicilərimizin müraciətlərinin böyük əksəriyyəti təmin olunub”. Bunu “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

Millət vəkilinin sözlərinə görə, altıncı çağırış Milli Məclisin fəaliyyəti qlobal pandemiya dövrünə təsadüf edib və bu, bütövlükdə dövlət kimi, qanunverici orqan üçün də bir çağırış olub. “Bir tərəfdən qanunvericilik fəaliyyətimiz pandemiyanın törətdiyi çətinliklərin aradan qaldırılması, milli sahibkarlığın  dirçəldilməsi  və karantin rejimindən əziyyət çəkən vətəndaşlarımızın rifah halının yüksəldilməsi məqsədilə iqtisadiyyatla bağlı qanunlarda dəyişikliklərə və yumşaldılmalara həsr olundu. Digər tərəfdən, bu məhdudlaşdırıcı rejim millət vəkilləri üçün əlavə stimul yaratdı ki, seçicilərin problemlərinin daha operativ həlli üçün icra strukturları ilə birgə sıx fəaliyyətdə olsunlar” – deyə E.Allahverdiyev bildirib.

Deputat deyib ki, sərt karantin rejimi tətbiq olunan ilk gündən könüllülər komandası ilə dairə üzrə ehtiyacı olan, ahıl, fiziki məhdudiyyətli, şəhid və qazi ailələrinə ərzaq və gigiyenik məhsullardan ibarət yardım kampaniyasına başlayıblar. 2,5 ay ərzində 17 saylı Yasamal üçüncü seçki dairəsinin hüdudlarında yaşayan yüzlərlə ailələrə yardım çatdırılıb: “Mart ayının ortalarından etibarən Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı ilə birgə yardım kampaniyasına başladıq. İlk olaraq dairə daxilindəki MİS-lərdə qeydiyyatdan keçmiş imkansız ailələrin siyahısını aldıq. Detallara vararaq deyə bilərəm ki, təqribən 120-130 nəfərlik siyahı ilə başladıq. Kampaniyamızın son günü Ramazan bayramına təsadüf etdi və həmin gün könüllülərimiz sayca 1815-ci ailədə oldular. Bu ünvanların hamısını könüllülərimiz və YAP Yasamal təşkilatının gəncləri küçə-küçə, ev-ev gəzib qeydə alıblar. Yəni konkret ünvana yardım aparılmamışdan əvvəl bizim burada yaşayan sakin və ya ailə barədə təfərrüatlı məlumatımız olub”. E.Allahverdiyev deyib ki, yardım kampaniyası zamanı Yasamal Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin yaxın dəstəyini görüblər.

Deputatın sözlərinə görə, seçicilərin müraciətlərinin bir qismi mərkəzi və yerli icra orqanlarına yönəldilib, onlardan həll olunanı da var, icraatda olanı da. “Məsələn, pandemiya dövrü ilə əlaqədar olmayan infrastruktur problemi xarakterli müraciətlər olunub. Xeyli müddətdir Zülfi Adıgözəlov və Nabat Aşurbəyova küçələrinin işıqlandırmasında problem mövcud idi və bizə çoxsaylı müraciətlər edilirdi. Vəziyyəti Yasamal İH və “Azərişıq” ASC ilə dəyərləndirdik və bu küçələrə yeni işıqlandırma sistemi çəkildi” – deyən E.Allahverdiyevin sözlərinə görə, dairədə icra orqanları ilə çox pozitiv işgüzar əməkdaşlıq aurası formalaşıb. Bəzi həyətlərdə və küçələrin yollarında asfalt örtüyü ilə problemin həllinə nail olunub. Müraciətlərə çox operativ reaksiya verilib: “Elə hallar da var ki, problemi sakinlərlə birgə özümüz həll etmişik. Məsələn, illərlə yığılıb qalmış tullantı sahəsini sakinlər və könüllülərimiz təmizləyib. Məncə, bu çox yaxşı bir təcrübədir. Biz təşəbbüs göstərdik, sakinlər bizi dəstəklədi. Fikrimcə, pandemiya dövrünün əsas şüarı olan “Biz birlikdə güclüyük” sözlərini gündəlik həyatımızın və fəaliyyətimizin hər anı üçün aktual etsək, bir çox çətinliklərin həllinə nail ola bilərik. Hər şey öz əlimizdədir”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi