Belə ki, Əhmədov kiməsə heç vaxt oyun verməyəcəyini deyib. Sonra isə o, vaxtiylə millinin kapitanı olduğu zaman bəzi deputatların Türkiyə millisinə qarşı DÇ-2002-nin seçmə mərhələ oyununu vermək təklifini rədd etdiyini deyib. O, deputatların təklifi barədə o vaxtkı federasiya prezidenti Fuad Musayevlə danışaraq, belə bir razılaşma varsa, meydana çıxmayacağını dediyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, komanda.az məsələ ilə bağlı Fuad Musayevlə əlaqə saxlayıb. Musayev belə bir söhbətin ümumiyyətlə olmadığını deyib: “Tərlan Əhmədovun bu fikrə necə gəldiyi mənə maraqlıdı. Həmin dövrdə bizim türklərə oyun verməyimizdən söhbət belə gedə bilməz. Çünki onlara belə bir şey lazım deyildi. Onlar həmin dövrdə çox güclü komanda idi. Təsadüfi deyil ki, həmin komanda sonradan dünya üçüncüsü oldu. Bu cür güclü komanda gəlib bizə oyun verməyimiz üçün yalvara bilər? Tərlana kim nə deyib, bilmirəm, amma federasiya prezidenti kimi mənə nə türklər, nə də hansısa deputat tərəfindən heç bir müraciət olmayıb, ola da bilməz. Axı deputat kimdi ki, mənə göstəriş versin?
Burdakı oyunda biz türklərə qalib gəlməliydik. Sadəcə, o vaxt türk futbolçular meydanda təxribata əl atdılar. Onlar bizim oyunçuları provakasiyaya sövq etdilər. Mən o vaxt qapının arxasından Dmitriyə (Dmitri Kramarenko) nə qədər təxribata uymamasını dedim, xeyri olmadı.
Burdakı oyundan sonra Türkiyə mediasında bizim haqqımızda mənfi fikirlər formalaşmışdı. Onlar millilərinin avtobusunun burda daşa basılmasından yazırdılar. Türkiyə millisiylə ikinci oyundan əvvəl onların federasiya mənsublarıyla danışdım. Məsələnin başqa cür olduğunu onlara izah etdim. Bizim onlarla nə birinci, nə də ikinci oyunun verilməsiylə bağlı heç bir danışığımız olmayıb. Sadəcə, o vaxt onlar Slovakiya ilə oyunda xal itirdikdən sonra vəziyyətləri bir qədər gərgin idi. Buna görə də, bizim Slovakiyadan xal almağımız onlara çox kömək edəcəkdi. Biz onlarla oyuna gedəndə orda təlim-məşq toplanışı keçmək üçün hər cür şərait yaratdılar. Orda keçdiyimiz 10 günlük təlim-məşq toplanışından sonra Bakıda Slovakiyanı məğlub etdik. Bu, onlara çox kömək etdi. Oyundan sonra mənə zəng edərək dəfələrlə təşəkkür etdilər. Bizim onlara köməyimiz ancaq bundan ibarət oldu. Yoxsa hansısa oyun verməkdən söhbət belə gedə bilməz”.
Son xəbərlər
Son Xəbərlər