Deputat şagirdləri ali təhsilə cəlb etmək üçün layihəyə başladı

deputat-sagirdleri-ali-tehsile-celb-etmek-ucun-layiheye-basladi
Oxunma sayı: 2227

Sabirabad rayonundan seçilmiş deputat Kamal  Cəfərov rayonda təhsilin səviyyəsinin inkişafına töhfə vermək üçün “Düşünən Azərbaycan Gənci” (DAĞ) layihəsini həyata keçirəcək. “Qafqazinfo” xəbər verir ki, layihə çərçivəsində pontensialı yüksək, lakin ailəsinin gəliri çox aşağı olan 4 qrup üzrə 15 nəfər 11-ci sinif şagirdinin 1 illik hazırlıq kurslarına tam dəstək veriləcək, onlar pulsuz hazırlaşdırılacaq.

Deputat qeyd edib ki, 2020-ci ildə Sabirabadda ümumilikdə 8 nəfər 600 balı keçib, ümid edirəm ki, 2021-ci ildə 500 və 600 balı keçən şagirdlərin sayı 2 dəfə artacaq”.

K. Cəfərov bildirib ki, ümumilikdə  Sabirabadda 2018-2019-cu il üçün 1428 məzundan yalnız 42%-i ali təhsil müəssisələrinin qəbul imtahanlarında iştirak edib: “İştirak edən abuturiyentlərdən isə 37%-i ali təhsil müəssisələrinə qəbul olub. Bütövlükdə rayon məzunlarının ali təhsil müəssisələrin qəbul olma faizi 17%-ə bərabərdir. 

Qeyd etməliyəm ki, Azərbaycanda ən aşağı qəbul olma faizi Sabirabad rayonuna məxsusdur. Bu barədə Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov, yerli təhsil idarəsi və rayon ictimaiyyəti ilə geniş müzakirələr aparmışıq. Eyni zamanda Sabirabad rayon təhsil idarəsi və məktəb direktorları ilə görüşümüz oldu. Sabirabadda təhsilin inkişafına mane olan bütün neqativ hallar açıq formada müzakirə edilib. Əlbəttə, bu problemləri bir gündə həll etmək mümkün deyil, eyni zamanda həyata keçiriləcək islahatların nəticəsini də bir gündə görmək mümkün deyil”.

Günel  Türksoy