Deputatdan prezidentə - - Müraciət

deputatdan-prezidente-
Oxunma sayı: 1505


“Son illərdə, Sizin rəhbərliyinizlə, əhalinin rifah halının yüksəldilməsinə, o cümlədən ölkə regionlarının sosial-iqtisadi inkişafına yönələn addımlar nəzərəçarpan və real nəticələr verməkdədir. Mən bu işdə Sizə və xalqımıza yeni uğular arzulayır və bildirirəm ki, bir deputat kimi bu yöndə səylərinizi hər zaman dəstəkləməyə hazıram.

Cənab Prezident! Bu müraciətimlə Sizin diqqətinizi həllini vacib saydığım bir məsələyə cəlb etmək istərdim. Deputat seçildiyim dairə ölkəmizin birbaşa Ermənistanla həmsərhəd bölgələrini əhatə edir. Sərhəd zolağında, düşmən tərəfdən vaxtaşırı atəşə tutulan ərazilərdə onlarla yaşayış məntəqəsi yerləşir, minlərlə soydaşlarımız orada tikir, qurur, əkib-becərir, övlad böyüdür. Misal kimi, may ayının sonlarında seçicilərimin görüşünə getdiyim Tovuz rayonunun Hacıallar kəndini göstərə bilərəm. Bu kəndin sakinləri sərhəd bölgəsində, Ermənistanla təmas xətti yaxınlığında yaşayır və davamlı olaraq düşmən atəşinə məruz qaldıqlarını bildirirlər. Müşahidələrim və sakinlərlə apardığım söhbətlər də göstərir ki, əhali doğrudan da düşmənin atəş zonasında, risk altında yaşayır, torpaqdan faydalanmaqda çətinlik çəkir, əsas fəaliyyətləri olan əkinçilik və heyvandarlıqla lazımi səviyyədə məşğul ola bilmir. Bu isə son nəticədə, onların gəlirlərinin azalmasına səbəb olur və həyat şəraitlərinə mənfi təsir göstərir. 

Məhz ona görə görüşə gələnlərin hamısı bir səslə atəş bölgəsində qeyri-normal şəraitdə yaşadıqlarını nəzərə alaraq, sərf etdikləri elektrik enerjisinin və təbii qazın dəyərinin ödənilməsindən qismən azad olunmalarını və ya büdcədən müəyyən kompensasiyanın ayrılmasını xahiş edirdilər. Düşünürəm ki, onların xahişləri əsaslıdır və bu cür riskli şəraitdə  yaşayan soydaşlarımıza müəyyən güzəştlərin tətbiq edilməsi dövləti maraqlarımıza da tam uyğundur. Onu da qeyd etmək istəyirəm ki, bütün çətinləklərə baxmayaraq, insanlarımız ata-baba yurdlarını tərk etmək, digər bölgələrə köçmək istəmirlər və bu, zənnimcə, təqdirəlayiq bir mövqedir.

Dünyada buna oxşar vəziyyətlər az deyil. Yəni, hətta aralarında, hərbi münaqişədən sonra, atəşkəs rejimi olan dövlət və bölgələrdə sərhəd zonasında yaşayan əhali üçün müəyyən stimul və güzəştlər tətbiq olunur. Məsələn, Qəzza bölgəsi ilə təmas zolağında yaşayan əhali üçün İsraildə xüsusi “Sderot qanunu” qəbul edilib. Bu qanuna əsasən, təmas xəttindən 7 kilometr məsafəyədək yerləşən yaşayış məntəqələrinin əhalisi vergi, rüsum, investisiya, səhiyyə, mədəniyyət və təhsil məsələlərində güzəştlərə malikdir. 

Məndə olan məlumata görə, Gürcüstan hökuməti də Cənubi Osetiya və Abxaziya ilə həmsərhəd yaşayış məntəqələri üçün stimul və güzəştlər sistemi hazırlamaqdadır.

Nəzərə alsaq ki, Azərbaycanın erməni qəsbkarları ilə şərti olaraq – atəşkəs, real olaraq – cəbhə zolağı tək birbaşa Ermənistanla yox, onların zəbt etdikləri torpaqlarımızla sərhəddə kifayət qədər əhalimiz yaşayır, torpaqlarımız düşmən işğalından tam təmizlənənə qədər əhalinin bu kateqoriyası üçün stimulların yaradılması zəruri hesab oluna bilər.  

Cənab Prezident! Məsələnin sistemli həlli üçün təklif edirəm ki, tərəfinizdən 27 fevral 2014-cü il tarixli Fərmanla təsdiq edilmiş və növbəti beşilliyi əhatə edən Azərbaycan Respublikasi regionlarinin 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqramına Ermənistanla sərhəd və cəbhəyanı bölgələrinin inkişafına dair ayrıca bir bənd əlavə edilsin. Bu bölgələrə aid yaşayış məntəqələrində infrastrukturun yaxşılaşdırılması məsələləri ön plana çəkilsin, orada yaşayan vətəndaşlarımızın döğma yurdlarını tərk etməməsi üçün stimul və güzəştlər sisteminə yenidən baxılaraq, konkret və tutarlı tədbirlər əlavə edilsin”.