Deputatın gözünün qorası...

deputatin-gozunun-qorasi
Oxunma sayı: 1558


Türkiyə Millət Məclisinin deputatlarına qibtə ilə baxıram. Bu deputatların çoxu, sözün əsil mənasında millətin vəkilləridir. Lazım olanda gözlərindən yaş da çıxır, kiminsə halına ürəkdən acıya bilirlər, vicdan işləyir. Emosional olmaq da insani keyfiyyətdir. 

Bir neçə gün əvvəl Türkiyə telekanalında türkiyəli millət vəkillərinin İsrailin Fələsindəki qətliamlarına protestosunu gördüm. Zırpı-zırpı kişilər titulunu kənara qoyub, adam balası kimi etiraz edirdilər. Müsəlman, gözündən yaş çıxan biri kimi özlərini həlak etmişdilər. Bir-ikisinin hətta qışqırmaqdan səsi də tutulmuşdu. Bu protesto İsrailin vecinə də deyildi, amma yenə də dövlətdə ictimai yükü olanlar insanlıqlarını bu formada bildirdilər. Millət vəkillərinin etiraz aksiyasında maraqlı şüar da vardı, “İsrail uşaq öldürməkdə liderdir”.

Gələk bizdəkilərə. Bizim deputatların çoxu öz yaralarımızla bağlı tədbirdə iştirak etməyə can çəkirlər. Qaldı ki, fələstinlinin uşağı üçün qara bağlasınlar. Amma bizimkilər ildə bir neçə dəfə İsrail həkimlərinə görünürlər. Oralarını-buralarını yoxlatdırıb, saz vəziyyətdə olduqlarından əmin olurlar. Yəni, can sağlıqları haqqında son söz israilli həkiminin dilində olur. Bizim deputatlardan kiminsə(bir-iki nəfəri çixmaqla) uşaq sevindirdiyini, imkansız ailəni öhdəsinə götürdüyünü, xəstəni müalicəyə göndərdiyini eşitmisinizmi? Kişi ağlamaz deyimini kənara qoyub, içindən qəhərləndiyini göstərən olubmu? Olmayan nəyisə necə göstərsinlər, Allah köməyi olmuşlar. Heç görməyəcəksiz də. Çünki onlar millətin vəkili yox, millətin əkil-bəkilidi. Seçici ilə deputatın vəziyyəti belədir. “Əkil-bəkil” bir gün sadə adam idi, varlandı, pullandı, deputat oldu, yoxa çıxdı, görünməz oldu, seçici əlindən parlament binasının arxa qapısından çıxdı, vaxtiylə səs üçün qapıları döydürən, dindirən kəs yekə adam oldu. Belə kəs(istisnalar var) üçün sevilənin sayının artması yox, varına var qatılması maraqlıdır. Danışanda da , gözəl sözləri, ideyaları xırdalamaq gərəkdir. İki cümləni bir –birinin arxasınca düzmək, terminlərin mənasını əzbərləmək də qabiliyyətdir. Bunlarınsa bizə heç bir xeyiri yoxdur. Deputatımız niyə millətin vəkili ola bilmir? Çünki deputatın bu “iş” dən başqa çox səriştələri var. Bu titul altında çox yeri idarə edir. Qanunun müzakirəsi gələndə onu yuxu basır, artıq nə millətin olur, nə də vəkil ola bilir. O qədər bunu sübut edən faktlar görmüşük. Hər ölkənin qanunvericilik orqanında olan şeydir, deyib keçmişik. Deputat olmaq üçün içi gedən o qədər adam var, hələ pulu toblaya bilməyib. Pulu toplayan kimi Gülər xanımın hüzuruna düşməyə yol tapacaq. İndi deputat olmaq üçün qorxu da yoxdur. Deputat ağ yalan da danışar, boğazdan yuxarı xalq dərdinə dair məruzə də oxuyar, Milli Məclisi öz məclisinə də döndərə bilər. Deputatın toxunulmazlığı var, ona kimsə barmağının ucu ilə dəyə də bilməz. Deputatın gözünün qorası xalq üçün də tökülərmi?

İndi Milli Məclisin zalı bomboş qalıb. Deputatlarımızın dincələn vaxtıdı. Hələ dövlət ciblərinə xərclik də qoyub. Əliaşağı vəziyyətdə də istirahət edərlər, qoy korluq çəkməsinlər. Əvvəldə məclisdə idilər, indi isə konkret kef məclisindədirlər.

Heç nə demirəm, səni görüm deputat olasan!!