Deputatlar sosial şəbəkələrlə bağlı qanunu yenidən gündəmə gətirir

deputatlar-sosial-sebekelerle-bagli-qanunu-yeniden-gundeme-getirir
Oxunma sayı: 1459

Milli Məclisin deputatı Siyavuş Novruzov Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın sosial şəbəkələrlə bağlı verdiyi fərmana münasibət bildirib. 

“Qafqazinfo”nun məlumatına görə, deputat qeyd edib ki, uzun müddətdən sonra Amerika bütün dünya ölkələrinə səpdiyi toxumların artıq özünə qarşı çıxdığını başa düşüb: “Vaxtilə deyirdik ki, xaricdə oturub məsuliyyətdən kənarda qalanlar, silahlı terrorizmə dəstək verənlər, dövlət nümayəndələrinə sui-qəsdi dəstəkləyənlər və.s ekstremizm çağırışları idi. Azərbaycanda bu məsələni qaldıranda dedilər ki, ölkədə söz, mətbuat azadlığı pozulur. Anonim şəkildə internetdən istifadə öz həllini tapmalı idi. Şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keç, nə istəyirsən yaz. Hanı “Human Rights”, “Freddom House”, hanı Osmanqızı, Arif Yunus, Amerika çörəyi yeyən Cəmil Həsənli?! Niyə Trampa bir söz deyə bilmirlər?  Bu məsələ öz həllini tapmalıdır”.

Deputat Cavid Osmanov da çıxışında qeyd edib ki, Donald Tramp sosial şəbəkələrin tənzimlənməsiylə bağlı qərar qəbul edib: “Bu fərman saxta profillərdən istifadə, insanların şərəf və ləyaqətinin qorunması kimi məsələləri özündə əks etdirir. Belə bir qanunun Azərbaycanda qəbul edilməsinin vaxtı çatıb. Bu, milli təhlükəsizliyimizi daha da gücləndirəcək. Bu, ölkəmizdə insanların şərəf və ləyaqətini qorumaq üçün vacib bir qanun layihəsi olar. Milli Məclis belə bir qanunun qəbul edilməsinə öz töhvəsini versin”.

Günel Türksoy