I yazı
Çexovun “Qüssə” adlı möhtəşəm bir hekayəsi var. “Zəbur” dini kitabından seçilmiş bir ifadə - “Dərdimi kimə deyim” hekayəyə epiqraf seçilib. İnona adlı faytonçunun taleyindən bəhs edir. O at arabasına minən hər müştərisinə çəkinə-çəkinə deyir: “Ağa, mənim bu həftə oğlum öldü”. Ancaq at arabaya minən nə hərbi xidmətçi, nə cavan oğlanlar ona qulaq asırlar. Hətta həmkarı belə onun dərdini dinləmək istəmir. İona isə ailə faciəsini hamıyla danışmaq, bölüşmək, ürəyini boşaltmaq istəyir. Axırda “İona tövləyə atının yanına gedir. O, yulaf haqqında, ot haqqında, hava haqqında fikirləşir. O tək olanda oğlu haqqında düşünə bilmir... Onun barəsində başqası ilə danışa bilər, ancaq özlüyündə onun barəsində düşünmək, onun şəklini öz xatirəsində canlandırmaq qorxunc və dözülməz bir dərddir”. Axırda o dərdini madyana danışır: “bəli mənim əziz madyanım... Oğlum Kuzma İoniç artıq yoxdur... Ömrünü bizə tapşırdı... nahaq yerə öldü getdi... indi fərz et ki, sənin bir dayçan var və sən onun doğma anasısan. Deyək ki, o birdən öldü getdi və ömrünü sənə bağışladı... Axı, yazıqdır deyilmi?
Atcığaz qulağını şəkləyib gövşəyir və nəfəsi ilə sahibinin əlini isindirirdi. İona özünü unudur və hər şeyi ona nağıl edir...”
Bu gün dünyada gedən ağır və dəhşətli müharibələr, onlarla bağlı keçirilən konfranslar, müşavirələr, o tədbirlərdə insan ölümünə çoxdan biganələşmiş məsul şəxslər az deyil. Onlara hansısa ölkənin probleminə, kiminsə dərdinə qulaq asmaq İonanın ölümünə kobudca “hamımız öləcəyik” deyib qulaq asmayan, onun dərdinə şərik çıxmayan bivec cavanları xatırladır. Belələrinə dərd danışmaqdansa, ata ürəyini boşaltmaq daha yaxşıdır. Çexovun 130 il əvvəl yazdığı və daha çox dərəcədə Rusiya reallığına, əslindəsə ümumilikdə insan mənəviyyatına aid bu hekayə günümüzdə öz aktuallığını saxlayır. Eləcə də bu durum, ölkəmizdə pul qazanmaq üçün bəzən yalandan vətənşüvənlik edənlər, “torpaq xiffəti çəkənlər”in gic-gic layihələri dildə deyib ürəkdə başqa məsələləri düşünən, dövlətin əsl problemini qulaqardına vuranları xatırladır.
Son illərdə ölkəmizdə ana dili və ədəbiyyat fənlərindən 2-3 alan minlərlə uşaq hansısa vasitələrlə orta məktəbi bitirirlər. Bu məsələlər mətbuatda yazılır, qabardılır, tənqid edilir, ancaq xeyri yoxdur, nəticələr il-ildən daha faciəvi rəqəmlərlə ifadə olunur. Bu faciənin gələcəkdə doğuracağı fəlakətlərin səbəblərin dərk etmək çətin deyil. Sabah həmin uşaqların böyük əksəriyyəti Azərbaycanın başına gətirilən müsibətlərə “İonanın dərdi” kimi yanaşacaqlar. Çexov vətənin içində vətənə yadlığın, insanların bir-birinə biganəliyini əbəs yerə bəla kimi təsvir etməyib ki... Bu gün bəzən mətbuatın tənqidlərini “İonanın dərdi” kimi dinləyənlər, sabah bu təhsil sistemi ilə yetişdirdikləri özlərindən də beş-betərləri üzləşəcəklər, qorx ki, onda dərd deməyə bir madyan da tapılmaya...
Son xəbərlər
Son Xəbərlər