Derince limanındakı partlayışda 15 min ton məhsula ziyan dəyib

derince-limanindaki-partlayisda-15-min-ton-mehsula-ziyan-deyib
Oxunma sayı: 1886

Türkiyənin Kocaeli vilayətində Derince limanında baş verən partlayış zamanı anbarda saxlanılan kənd təsərrüfatı məhsullarının saxlanıldığı 20%-nə ziyan dəyib. 

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Prezident Administrasiyası yayıb. 

Administrasiya bununla da ölkə mediasında insident zamanı 8 milyon ton məhsul ehtiyatının zərər görməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib: “Limanın ümumi tutumu 95 min ton təşkil edir. Partlayışın baş verdiyi anbarda 75 min ton ehtiyat olub. İlkin hesablamalara görə, bu ehtiyatın təqribən 20%-inə (15 min ton) ziyan dəyib. Buna görə də, 8 milyon ton məhsulun məhv olduğu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”. 

Xatırladaq ki, avqustun 7-si Derince limanında güclü partlayış baş verib. Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Daha sonradan partlayışın taxılın gəmiyə yüklənməsi zamanı elevatorda baş verdiyi qeyd olunub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.