Dərman reseptlərinin girovları

derman-reseptlerinin-girovlari
Oxunma sayı: 1559


Həkim rəfiqəm danışır: “Yanıma gələn xəstələri danışdırdıqca dəhşətə gəlirəm. Heç kim bilmir və ya bilsə də demir ki, şizofreniya, psixi problemlər baş alıb gedir. Depressiya insanların axırına çıxıb. Bir xəstə gəlib yanıma. Gənc, gözəl bir xanımdı. Deyir, məni Aynur həkim göndərib. Deyirəm, aha, buyurun, eşidirəm sizi. Qayıdıb deyir ki, siz Aynur həkim deyilsiniz? Həmin Aynur həkim-məni sizin yanınıza göndərən.” Baxdım gözəlliyinə, məhv oldum... Məlum oldu ki, ailəsi çətinliklə dolanır. Qız, depressiyadan çıxa bilmir...

Pasientlərin dərdlərini danışa bilməməsindən gileyləndi rəfiqəm. Araşdırdıqda məlum olur ki, insanlar problemlərin əlində girinc qalıb. Məsələn, deyir, elə xəstələr var ki, resept yazırıq, pulu olmur ki, o reseptdə yazılan dərmanları alsın. Müalicə almadığı üçün xəstəlik daha da kəskinləşir. Üstəgəl bu vəziyyətin yaratdığı narahatlıq, depressiya. İnsanlar əl boyda reseptlərin girovuna çevrilir... Dərdlərini izah etməyə çətinlik çəkirlər. İnfantil hisslər yaranır xəstələrdə. Uşaq kimi olurlar. Eləsi var, söz deyirsən, ağlayır...

Maqnit Rezonans Tomoqrafiya (MRT) cihazını tabuta bənzətmiş bir qadının necə ağlaması heç yadımdan çıxmır. Döşünün biri amputasiya olunduqdan sonra həmin qadını əri boşamışdı. Qorxurmuş. Dəhşətli həyatı vardı. Onu ovutmağa, qanadının altına almağa kimsəsi yoxdu...

Əhalinin maddi və psixoloji durumunu bir də xəstəxanalarda yaranmış növbələr yaxşı ifadə edir. Həmin xəstələrə yaxınlaşıb üzləşdiyi çətinliyi və müalicə səviyyəsini soruşsaz, görərsiz ki insanlar necə ağır şərtlər altında yaşayır. Bu, artıq elə bir problemdi ki, olimpiya komplekslərində açılmış yeni iş yerləri haqda xəbəri şişirdib gözə üfürməklə ört-basdır edilməz.

Ağır xəstəlik diaqnozu qoyulmuş bir xəstənin dərman almağa pul tapa bilməməsi əlavə fəsadlar törətməkdədi. Nevrologiya şöbələrində yaranmış uzun növbələrin əsl səbəbini araşdırmaq lazımdı. Əsəb, stress insanları yeyib, bitirməkdədi.

Bu yaxınlarda bir tanışım oğlunun psixi durumundan narahat olub və dispanserə zəng edib. Telefona cavab verən həkim “Bizdə yer yoxdu” deyib...

Zarafat deyil.

Dəhşətli mənzərədi...