Kimisi ağlayır, kimisi ətrafa baxıb gülümsəyir, kimisi isə həvəslə aldığı çantasını yanına qoyub müəlliməsini izləyir. Qapının arxasındakı valideynlərini axtaran, gözucu sinfi süzənlər də az deyil. Oyuncaqların yerini dəftər, kitab aldığı ilk gün. İlk parta, ilk yoldaş və ilk müəllimə. Həyatın yeni mərhələsinin başlanğıc nöqtəsi olan ilk dərs günü.
"Qafqazinfo" olaraq bu gün Azərbaycan mediasında adları tez-tez hallanan, öz peşəsində fərqlənməyi bacaran müxtəlif peşə sahiblərindən və sosial media aktivlərindən ilk dərs günlərini necə xatırladıqlarını soruşduq və maraqlı cavablar aldıq:

Müğənni Faiq Ağayev də ilk dərs gününü yaxşı xatırlayır: “İlk dərs günüm çox yaxşı yadımdadır. Yasamal rayonunda yerləşən 175 nömrəli məktəbdə oxumuşam. Mən- məktəbə uyuşmayan bir uşaq tanımadığım insanların içinə düşmüşdüm. Bağçaya da getməmişəm. Ona görə də ilk dərs günü mənim üçün maraqlı və həyəcanlı idi. Böyük qardaşlarım da həmin məktəbdə oxuduğu üçün mən özümü tək hiss etmirdim. Ancaq yenə də həyəcanım var idi”.

Müəllimlər üçün ilk dərs günü iki dəfə yaşanır: bir şagird kimi parta arxasında oturanda, bir də parta arxasında oturmuş şəxslərin ilk dəfə ona gözləri zillənəndə. Professor Qulu Məhərrəmlinin ilk dərs günü elə də uğurlu alınmasa da, pedaqoji fəaliyyətində bu günü dəyərləndirə bilib: “Müəllim kimi auditoriyaya girdiyim gün elə bir həyəcanım yox idi. Ancaq tələbələrlə ünsiyyətdən bir az narahat idim, ancaq onu da uğurlu saya bilərik. Nədənsə tələbələr danışmağı elə də sevmir, daha çox dinləməyi sevirlər. Ancaq ümumi götürdükdə o vaxtın tələbələri indikilərdən çox fərqlənir. Əsas həmin gün tələbələrdən o enerjini ala bildim ki, bu hiss heç vaxt yadımdan çıxmır. Bir də yadımdan çıxmayan başqa bir hiss var. O da ki, ilk dərsə getdiyim gün. Mən Zəngilanda doğulmuşam. Onda məktəbə7 yaşdan qəbul edirdilər. Mən də parçadan sumkamı, qələmimi, şüşədən olan ağır qabımı, bir neçə dənə də dəftər hazırlayıb tay-tuşlarla məktəbə yollanmışdım. Hamının adını yoxladılar, onları sinfə buraxdılar, məni buraxmadılar. Dedilər ki, sənin adın yoxdur, çünki 7 yaşına hələ 2 il var. Müəllim təsəlli verdikcə məni ağlamaq tuturdu. O səhnə heç vaxt yadımdan çıxmır”.

İqtisadçı Natiq Cəfərlinin ilk dərs günü xatirəsindən bugünkü peşəsinə sevginin onda uşaqlıqdan olduğunu hiss etmək olur: “Mən məktəbə 6 yaşımda getmişəm, yəni, 1 il tez, SSRİ zamanı bunun üçün imtahan vermək lazım idi, valideyinlərim məni avqust ayında imtahana apardılar, imtahandan yaxşı keçdim, 6 yaşımda artıq oxumağı, yazmağı, bəsid hesablamaları bilirdim. Valideyinlərimə təklif etdilər ki, birbaşa 2-ci sinfə gedim, onlar da razılaşdılar. 6 yaşlı, balacaboy uşaq olaraq, 8 yaşlı uşaqlarla ilk dəfə 2-ci sinfə getdim. Amma, 1 həftədən sonra 1-ci sinfə dəyişdilər, çünki 8 yaşlılar hər gün məni incidirdilər. İlk dərs günü yadımda qalan o oldu ki, yanımda oturan qızcığaz mənə kolbasa-çörək verdi, mən də iştahla yedim”.

"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov ilk dərs günü sevincli olub: "İlk gün məni məktəbə atam aparmışdı. Yadımdadır ki, gülə-gülə getmişdim. Mənə görə bayram idi həmin gün. Ağlayanlar olsa da, mən heç ağlamadım, sevinirdim. Çünki mənə təzə paltarlar almışdılar. Sevincli bir gün kimi xatirimdədir. Rus sektorunda oxumuşam. İlk müəlliməmin də adı yadımdadır: Larisa Sergeyevna"

"Miss Maxim of Europe 2014" gözəllik müsabiqəsinin qalibi Nani Səfərova ilk dərs gününün onun üçün yeni bir həyat başlatdığını deyib: “Yadımdadır, məktəbə 8 yaşımda getmişəm. Çox tezdən yuxudan durduğum üçün kefim yox idi. Mən yatmaq istəyirdim, ancaq dedilər ki, dərsə getməlisən. Saçımı “keçi” yığıb əlimə də böyük gül vermişdilər, heç daşıya da bilmirdim. Bu anlar heç vaxt yadımdan çıxmır. O gündən sonra mənim üçün tamam fərqli bir həyat başladı”.

İlk dərs günü sadəcə birincilər həyəcan keçirmir, onlardan daha çox ürəyi döyünən analar da var. Jurnalist Sevinc Telmanqızı bu hissi ikinci dəfə yaşayıb: “Bu hissi daha öncə böyük qızım Selcanda yaşamışam, 7 il əvvəl. O mənada təcrübəliyəm. Amma hər uşaqla bağlı yaşantılar bir-birindən hansısa detalına görə fərqlənir. Azərbaycan təhsil sisteminin bütün çatışmazlıqlarına baxmayaraq bu hissin gözəlliyinə və fərqliliyinə heç nə kölgə sala bilmir. Uşaqla birgə biz özümüz də yeni mərhələyə qədəm qoyuruq, həyatın şəkli, rəngi dəyişir. Hərfləri uşaqla birə yenidən yazmağa başlayacağıq, sözləri hecalayacağıq, çubuqlarla toplama əməlini edəcəyik... Hər şeyə sıfırdan başlamaq kimi bir hiss. Artıq bir yox, iki məktəblinin valideyniyik. Məsuliyyət də artır, yük də, gözəllik də. Marafon kimidir, sentyabrda başlanıb, iyunda bitən çətin bir marafon. O gün bir maraqlı sitat oxudum, rus dilində yazılmışdı. Təxminən məzmunu belə idi ki, tədris ili də hamiləlik sürəci kimidir, 9 ay davam edir, ürəkbulanma ikinci həftədən etibarən başlanır. Bütün hallarda xoş “ürəkbulanması”dır. Acısı ilə, şirini ilə keçməliyik bu mərhələni”.

Aktrisa Dilarə Əliyeva ilk dərs gününü hər zaman gülərək xatırladığını bildirib: “Həmin gün çox həyəcanlı idim. Amma çox maraqlı bir hadisə yaşamışam ki, bunu heç vaxt unutmaram. O vaxt saçlarım zəif olduğu üçün anam hər il başımı keçəl etdirirdi. Həmin il də dərsə getməyimə 10 gün qalmış anam yenə saçlarımı keçəl etdirmişdi. Birinci sinifə başlayacağım tamam yadından çıxmışdı. İlk dərs günü məktəbə keçəl getməyimə çox əsəbiləşsəm də, indi gur saçlarıma baxıb sevinirəm”.
Biz də bu gün ilk dərs günü həyəcanını yaşayan hər kəsi təbrik edir, gələcək həyatda uğurlar arzulayırıq.
Günel Hacı