Aktyor Ben Affleklə 2 illik evliliyinə son qoyan məşhur müğənni və aktrisa Cennifer Lopez ayrılıqdan sonra ilk dəfə açıqlama verib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 20 ildən sonra yenidən bir araya gələn və evlənən keçmiş sevgililər bu xəbərlə pərəstişkarlarını necə sevindirmişdilərsə, ayrılıqları ilə də bir o qədər təəccübləndirmişdilər.
Lopez ayrılıqdan sonra bir jurnala müsahibə verib və ilk dəfə fikirlərini bölüşüb. Müğənni hisslərini “tənha, qorxulu və çarəsiz” olaraq xarakterizə edərək bunların onu daha da gücləndirdiyini bildirib: “Bu, çox çətindir. Bu yay özümə belə bir sual verdim: Necə edim ki, bunları bir daha yaşamayım? Özlüyümdə təhlil edərək “yaxşı, burada səhv etdim, bunu görə bilmədim” dedim. Münasibətin içində olmağı çox sevirdim və biri ilə yaşlanmaq istəyirdim. Bu şəkildə tam və xoşbəxt olacağımı düşünürdüm, amma deyildim. Nəhayət, dərsimi aldım və mənə cəmi 30 il lazım oldu”.
Xatırladaq ki, C. Lopez və B. Afflek hələ 2000-ci illərdə tanış olublar və əsas ulduz cütlüklərdən birinə çevriliblər. 2003-cü ildə onlar planlaşdırılmış toyu gözlənilmədən təxirə salıblar və tezliklə ayrılıblar. Bundan sonra ayrı-ayrı insanlarla ailə həyatı qurublar: Lopez müğənni Mark Entoniyə ərə gedib, Afflek isə aktrisa Cennifer Qarnerlə evlənib. Onlar sonradan boşanıblar. 2021-ci ildə isə keçmiş sevgililər münasibətlərini bərpa edib, 2022-ci ildə ailə qurublar. Bu ilin avqust ayında isə cütlük boşanıb.