Bir neçə ay bundan öncə NATO sessiyası çərçivəsində növbəti səfərimiz Lüksemburqa olmuşdu və bu səfər həm də 20 ildən çoxdur orada yaşayan dostumla görüşmək üçün vəsilə idi.
Niyə mövzuya körpünü dostum üzərindən salıram? Çünki məhz onun sayəsində Lüksemburq haqda əsas bilgilərim formalaşıb, bu ölkənin illər boyunca necə belə kompakt qala, assimilyasiyadan yayına, dünya maliyyəsinin cəm olduğu əsas mərkəzlərdən birinə çevirilə bilməsinin səbəblərini öyrənmişəm.
İlk fürsətdə ünvanladığım “Bu lüksemburqlular necə adamlardır?” sualının cavabı isə hələ də dəqiq xatirimdədir:
“Özlərinə inanılmaz düşkündürlər. Özlərindən başqa kimsəni qəbul etmirlər. Özlərini 620 minlik əhali ilə hamıdan üstün, güclü, dominant hesab edirlər. Üstəlik, veclərinə olmadığı dünyadan yetərincə bixəbərdirlər. Çünki hansısa dövlətin problemi, ya da problemsizliyi onları qətiyyən ilgiləndirməz. Yenə də sırf eqo səbəbi ilə.”
***
Və… buyurun! Həmin o dünyadan xəbərsiz Lüksemburq necə oldusa anidən Azərbaycan haqda “xəbər bülleteni” tirajlamağa başladı. Göydəki qaranquşlarmı qulaqlarına nəsə pıçıldadı, bir addımlıqlarındakı xoruzun ban səsimi bunları ayıltdı, yoxsa nə, orasını bilmirəm, amma bir baxdıq ki, adamlar cidd-cəhdlə üzərimizə hücuma keçiblər. Üstəlik, Parlamentin (Deputatlar Palatasının) spikeri səviyyəsində. Əsas iddia isə budur ki, demə biz ölkəmizdə hərbi əsir saxlayırmışıq…
Əvvəla, Avropa İttifaqının 3 paytaxtından biri olasan, Avropa İttifaqının ən yüksək ədliyyə hakimiyyəti olan Avropa Ədalət Məhkəməsi ölkəndə yerləşə, amma hələ də “hərbi cinayətkar”la “hərbi əsir”i ayırd edə bilməyəsən – gözə çarpan əsas dəhşət, ilk nonsens bax budur!
İkincisi…“Monarxiya”, “hersoq” üsul-idarəçiliyini bu günə qədər qoruyub saxlayan dövlət, görəsən, Azərbaycana qarşı hansı mənəvi əsasla hücuma keçir, bizə hansı kriteriyalarla, meyarlarla hüquq və demokratiya dərsi keçməyə çalışır? – Bu da mövzunun başqa (acınacaqlı) tərəfi.
Üçüncüsü… Rəsmi dillərindən biri fransız dili, 15 km-likdəki sərhəd qonşusu Fransa olan Lüksemburqdan heç şübhəsiz, bundan artığını gözləmək olmazdı. Demək ki, Makron anti-Azərbaycan “çip”ini bunların da beyninə pərçimləməyi bacarıb.
Dördüncüsü…Bütün varlığı boyunca - Napoleon dövründən ta dünya müharibələrinə qədər - müstəqilliyinə, suverenliyinə həsrət qalan bir dövlət əgər Azərbaycanın haqq savaşında göstərdiyi mücadiləni görməzdən keçirsə, 300 il əsarəti, işğalı altında olduğu, qaldığı Fransanın bir sözü ilə bizləri hədəf alırsa, o zaman Fransa sənə neyləyibsə elə düz edib!
Nəhayət, beşincisi…Unutma ki, bu günə qədər Azərbaycan hansı gücləri, hansı “bacıları”, hansı özündəndeyənləri “dəmir yumruq”la yerində oturdub. Sənin isə yumruq qalsın bir yana, heç bir çırtmalıq canın yoxdur, ay Lüksemburq!
Ona görə, əl-ayağa dolaşma…
Qalarsan ortalıqda, günah bizdən gedər…
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.