Deyirdilər ki, vergi başımıza oyun açır...

deyirdiler-ki-vergi-basimiza-oyun-acir
Oxunma sayı: 2793

Azər Qismət

Bizim əksər sahibkar pullansa da, hələ beyinlərində köhnə havadır. Onlar oturub-durub gileylənirlər ki, “məhsul istehsal etmişəm, malımı sata bilmirəm”. Onlar hələ də anlamırlar ki, məhsulunu özü satmalıdır. Sizə dövlət büdcəsindən kredit ayrılıb ki, özünüzü tutub bu ölkəyə xeyir verəsiz. Daha dövlətin nəzdində deyilsiz ki, o da məhsulunuzu satsın. 

Sahibkarlar gedib orda-burda deyirdilər ki, müxtəlif qurumlar işlərinə qarışır, əsassız yoxlamalara məruz qalırlar, təmənna udurlar, var-yoxlarını aparırlar. Dövlət tərəfindən atılan addımlardan sonra belə hallar aradan qaldırıldı. Sahibklar orda-burda gileylənirdi ki, vergi başımızıa oyun açır, lövbərini salıb külli miqdarda pul istəyir. Onun da qarşısı alındı. İstənilən sahibkar əlini qulağının dibinə qoyub rahatlıqla nəfəs aldı. Bəs, indi nədən narazıdır? İndi də gileylənirlər ki, dövlət mənim məhsulumu satmalıdır. Hərdən mənə elə gəlir ki, belə söhbətlərlə özlərinə hesabat vermirlər. Dövlət məhsulu satmağa borclu deyil və sahibkarın düşüncəsi elə də uğurlu məntiq deyil. 

Dövlət başçılarının görüşlərində ticarət mübadiləsinə dair razılaşmalar olur. Hansısa xarici ölkə prezidenti xahiş edir ki, filan məhsulumuzu almağınızı istərdik. Biz də razılaşırıq və öz növbəmizdə məhsullarımızın siyahısını onlara veririk ki, siz də əvəzində filan məhsulumuzu alın. Qarşılıqlı anlaşma ilə məsələ həll olunur. Burda bir nüans var ki, keyfiyyətsiz məhsulu nə biz onlara, nə onlar bizə sata bilməzlər. Ən azından məhsullar ciddi laborator müdaxiləsindən keçdikdən sonra son nəticəyə gəlinir. Həm onlar qazanır, həm biz. Dövlət bunu sahibkarlara nisbi kömək, ayağa durması naminə edir. Daha ömür boyu sahibkarların məhsulunu satacağını boynuna öhdəlik götürmür. 

O başqa məsələdir ki, bəzi dövlətlərin transmilli korporasiyaları dünyanın istənilən nöqtəsində qorumaq missiyası olur. Bizim dövlət də əhəmiyyətli brend markalarımızı qoruyur, hər danışıq zamanı onun məhsulunu satmağa çalışır. Amma daha Əlinin, Vəlinin bölgədə açdığı şirkətlərin məhsulunu satmaq öhdəliyi yoxdur. Sahibklar məşuqə saxlayıb ona bahalı hədiyyələr alacaq, heç bir xeyriyyəçilik etməyəcək, üstəlik videoçarxlara pul ayırmağa simiclik edəcək, dövlət də onun məhsulunu satacaq? Sahibkarın müəssisə açıb dövlətə vergi verməsi, adamları işlə təmin etməsi təqdirəlayiqdir, çox yaxşıdır. Nə qədər sahibkarlıq inkişaf edərsə, adamlar da işləyib evinə çörəkpulu aparar. Belə etdiyinizi hər yerdə sinənizə vurub lovağalanmağınıza kimsə bir söz deyə bilməz, buna haqqınız çatır. Qazanıram qazandırıram. Buna o cəhətdən dözmək olar ki, ümumi dövlət güclənir. Ancaq “Allahdan buyruq, ağzıma quyruq” prinsipi keçmiş illərdə qaldı. SSRİ vaxtı belə idi ki, dövlət nəsə etməli idi. İndi ayağa durmusuzsa, özünüz hərəkət etməlisiz. Bazarlar axtarmalısız. 

Özü də bir məsələ təəccüblüdür ki, bizim sahibkarlar müəssisəni açandan sonra bazar axtarır. Halbuki adi məntiqlə müəssisəni açmazdan əvvəl bazarlar da nəzərə alınır. Əgər bir məhsulun bazarı yoxdursa, onu açmaq nəyə lazımdır. Əfsuslar olsun ki, belə müəssisələrin sayı çoxdur. Əvvəldən düşünmür, sonrası gec olur. Faciə də orasındadır ki, dünyadan başı çıxan bir ağıllı adamı işə götürmürlər ki, internetə girib bazar axtarsın, əcnəbi dillərdə yola gətirsin, qarşılıqlı səfərlər təşkil etsinlər. Qohum-əqrabanı işə götürməyin də nəticəsi belə olur. Yenə kəndlini anlamaq olar ki,dünyaya necə çıxmağın qaydasını bilmir. Amma milyonlarla xərc çəkib iri müəssisə açan sahibkarın indi bazar tapmamasına dəlicəsinə gülməkdən başqa əlac qalmır.