Bir neçə gündür ki, Azərbaycanda qadın qətllərinin sayı çoxalıb və istifadəçilər mövzu ilə bağlı sosial şəbəkələrdə narahatlıqlarını ifadə edirlər.
Təkcə 2021-ci ilin əvvəlindən bu qətllərin xronikasına baxanda mənzərənin nə qədər acınacaqlı olduğunu görmək olar:
Yanvarın 27-də paytaxtın Nəsimi rayonunda zibil yeşiyindən 1989-cu il təvəllüdlü Banu Məmmədovanın doğranmış halda cəsədi tapıldı. Daha sonra məlum oldu ki, onu qayınatası İdris Məhərrəmov xüsusi amansızlıqla qətl edib.
Fevralın 5-də Şirvan şəhər sakini 1969-cu il təvəllüdlü Durna Dadaşovanın yaşadığı evdə üzərində xəsarət izləri olan meyiti aşkarlanıb.
Pirallahı rayon sakini 1981-ci il təvəllüdlü Lalə Ramazanova isə Telman Mövsümzadə tərəfindən qətlə yetirilərək yaşadığı evin həyətində basdırılıb.
Ard-arda davam edən qadın qətlləri cəmiyyətdə narahatlıq doğurur. “Qafqazinfo” məsələylə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ilə əlaqə saxlayıb.
O bildirib ki, problem münaqişələri görüb buna göz yumulması nəticəsində baş verir: “Mən qadın qətllərini statistik sayın artıb-azalması kimi qiymətləndirmək istəmirəm. Bir qətl belə cəmiyyətin bəlasıdır. Burada söhbət təkcə qadına şiddətdən getmir. Birinin həyatına qəsd etmək cinayətlə bərabər bir nəslə, ailəyə vurulmuş zərbədir. Nəzərə alsaq ki, həmin qadının himayəsində övladları da ola bilər. Cəmiyyətin bu hadisələrə qınağı var. Ölünün dalınca danışmazlar deyirlər, ancaq öləndən sonra hamı o qadını müzakirə edir. Bu müzakirələr isə müəyyən dövrdən sonra yaddan çıxacaq. Ancaq həmin ailənin, övladların yaddaşından bu hadisələr heç vaxt silinməyəcək.
.jpg)
Ona görə də hadisələrə dərhal müdaxilə etmək lazımdır, münaqişələrin aradan qaldırılmasına biganə yanaşmaq lazım deyil. “Mənim evimdə deyil, qarışa bilmərəm, polis işə qarışacaq niyə müdaxilə edim?!” kimi yanaşmalar azalarsa, münaqişəli ailələrin də sayı azalar.
Birlik sədri qeyd edib ki, bir həftə ərzində ona himayəsində 2 və ya 3 uşağı olan qadınlar müraciət edib: "Əksəriyyəti də deyir ki, yoldaşları içir, narkotik çəkir, evdə dava salır. Onlara sığınacaq verilməsini xahiş edirlər. Ancaq onların hamısını sığınacaqla təmin edə bilirikmi? Yox. Sığınacaq sözü bəzi insanlarda mənfi rəy formalaşdırır. Deyirlər ki, sığınacağa düşən qadının axırı necə olacaq? Halbuki biz həmin qadını axırının yaxşı olması, həyatına təhlükə yaradılmaması üçün ona sığınacaq veririk. İstəyirik ki, həmin qadın hansısa cinayətkar qrupların əlinə düşməsin. Uşaqlarına qarşı hansısa başqa bir zorakılıq törədilməsin.
Ölkədə nə qədər çox alternativ xidmətlər yaranarsa, sosial iş düzgün təşkil olunarsa icra nümayəndələri məlumatları gizlətməsə, məncə bu qadın qətllərinin sayının azalmasına gətirib çıxarar. Bu gün məktəblərdə valideynlər haqqında da dolğun məlumat yoxdur. Elə valideyn var ki, illərcə məktəbin qapısını açmır. Halbuki məktəb ailə sıx təmasda olan qrupdur. Qadınlara vaxtında kömək etmək, onları sığınacaqlara almaq üçün maliyyə dəstəyi olmalıdır. Xüsusi proqramlar hazırlanmalıdır. Təkcə Bakı ilə kifayətlənmək olmaz. Gəncədə bir sığınacaq var. Başqa regionlarda isə belə sığınacaqlar yoxdur. Bu gün şimal, cənub və qərb bölgəsindən müraciətlər çoxdursa, deməli, orada belə mərkəzlər yaradılmalıdır. Təkcə bunları QHT resursları ilə həll etmək mümkün olmaz. Biz birliyi yaradarkən çoxlu çətinliklərlə qarşılaşdıq. Bu gün də həmin çətinliklər var. Məsələn, Qəbələdən, Şəmkirdən birliyə müraciət edənlər var. Onların bura gəlməsi, yerində araşdırılması üçün bu gün bizim hansısa resurslarımız varmı? Xeyr, buna imkanımız yoxdur. Ona görə də regionda alternativ mərkəzlərin yaradılmasına ehtiyac var. Risk qrupunda olan ailə üzvlərinin reabilitasiyası, cəmiyyətə reinteqrasiyası təşkil edilməlidir.
Yoxsa "məni bu gün ərim boşadı" deyə sığınacağa gəlirəm deməkdən söhbət getmir. Münaqişəli ailələrə dərhal müdaxilə edilsə, nə qədər hadisələrin qarşısı vaxtında alınar”.
Günel Türksoy