“Dəyişikliklər pensiya alan vətəndaşların rifahına müsbət təsirini göstərəcək”

deyisiklikler-pensiya-alan-vetendaslarin-rifahina-musbet-tesirini-gosterecek
Oxunma sayı: 3943

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılıb. Layihəyə ümumi yanaşsaq, iki amili xüsusi qabartmaq olar: maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi və qulluq əlavəsi alanların pensiyasının gələn ildən etibarən indeksləşdirilməsi. Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev hesab edir ki, qanunda nəzərdə tutulan dəyişiklik mövcud reallıqdan irəli gəlir və müsbət xarakterlidir: “Hamımız bir çox hallarda bizdən asılı olmayan qiymət artımının şahidiyik. Təfərrüatına varmadan qeyd edim ki, bahalaşmanın xüsusilə ərzağın dəyərinə təsiri aylıq gəliri yalnız pensiyadan ibarət olan əhali kontingenti üçün obyektiv çətinliklərə səbəb olur. Bu baxımdan, təklif olunan dəyişikliklər pensiya  alan vətəndaşların rifah halına öz müsbət təsirini göstərəcək”.

Millət vəkilinin sözlərinə görə, təqdim olunan layihədəki dəyişikliklər qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının güzəranına təsirsiz ötüşməyəcək. “İlk olaraq hərbçiləri, xüsusi rütbəli şəxsləri, dövlət qulluqçularını qeyd etməliyik. Məsələn, bir neçə ildən bir, qulluq əlavəsi alan şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır və artırılırdı. Yenə də qayıdıram bahalaşma və qiymət artımına. Yəni tutaq ki, 3 ildən bir həyata keçirilən bu artımın real təsiri obyektiv yanaşsaq, az olurdu. Dəyişiklər isə əmək pensiyasının indeksləşdirilməsini nəzərdə tutur. Fikrimcə, bu, belə demək mümkündürsə, ayrı-seçkiliyi bir növ aradan qaldırmış olacaq” – deyə E.Allahverdiyev bildirib.

E.Allahverdiyev bildirib ki, dəyişikliklər ölkə başçısının tapşırığına əsasən təklif olunur və bu da bir daha vətəndaşların, xüsusilə aztəminatlı kontingentin qayğıları və rifah halının dövlətin diqqət mərkəzində olduğunun bariz göstəricisidir. “Xatırladım ki, bu ilin 8 fevral tarixində dövlət başçısı imzaladığı sərəncamla Nazirlər Kabinetinə 2 tapşırıq vermişdi. Bunlardan birincisi əmək pensiyalarının indeksləşdirilməsini, digəri isə əmək pensiyaçılarına ödənilən maddi yardımın pensiyaların tərkibinə daxil edilməsini nəzərdə tuturdu. Hər iki məsələ gördüyümüz kimi, bu gün müzakirə edilən dəyişikliklərdə öz əksini tapıb” – deyən millət vəkilinin fikrincə, indeksasiya metodu maddi yardımların pensiyaların tərkibinə daxil edilməsindən sonra tətbiq ediləcək. 

Millət vəkili hesab edir ki, dünyada baş verən bütün proseslərdə olduğu kimi, iqtisadiyyatda və sosial həyatda yaşananlara da çevik reaksiya tələb olunur. Bu baxımdan, dəyişikliklər həm də bu çevikliyi təmin etmək üçün bünövrə rolunu oynamalıdır. “Dəyişikliklərin xüsusi qeyd edilməsi vacib olan üstünlüklərindən biri odur ki, pensiyaların dəyər itkisindən qorunması üçün imkan yaranır. Yəni əmək pensiyalarında artım 4-5 ildən bir deyil, sistematik olacaq. Eyni zamanda, layihədə nəzərdə tutulan prosesin elektronlaşdırılması onun daha dəqiq aparılmasına səbəb olacaq. Sirr deyil ki, narazılıqların bir qismi məhz texniki yanlışlıqlardan idi. Başqa sözlə, şəffaflıq da təmin olunacaq”.