“Dezinfeksiya zamanı vətəndaşlardan ödəniş tələb olunması yalandır”

dezinfeksiya-zamani-vetendaslardan-odenis-teleb-olunmasi-yalandir
Oxunma sayı: 957

“Abşeron rayonu ərazisində koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar baş verə biləcək yoluxma hallarının qarşısının alınması məqsədilə aparılan dezinfeksiya tədbirləri zamanı vətəndaşlardan hər hansı ödənişin tələb olunması barədə bəzi kütləvi informasiya vasitələrində, o cümlədən yutubdakı “ReaksiyaTV” kanalında yayılan məlumatlar həqiqəti əks etdirmir”. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda Abşeron Rayon İcra Hakimiyyəti məlumat yayıb. 

Qeyd edilir ki, bu cür informasiyalar sırf jurnalist təxəyyülünün məhsuludur: “Bu məlumatlar rayon ərazisində görülən işlərin, həyata keçirilən layihələrin gözdən salınmasına və əhali arasında çaxnaşma yaratmağa hesablanmış addımdır. Qeyd etmək istərdik ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tətbiq etdiyi qrafikə uyğun olaraq rayonun kənd və qəsəbələrində təxirəsalınmaz sosial izolyasiya istiqamətində işlər görülür, Mənzil Kommunal İstismar Sahələrinin və rayon Gigiyena və Epidemilogiya Mərkəzinin əməkdaşları tərəfindən rayonda mütəmadi olaraq profilaktika və dezinfeksiya tədbirləri həyata keçirilir. Ona görə də şər və böhtan xarakterli məlumatlar yayan şəxslər barəsində RİH tərəfindən aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Rayon sakinlərindən isə xahiş edirik ki, həyata keçirilən dezinfeksiya tədbirləri zamanı onlardan hər hansı bir ödənişin tələb olunması faktı ilə qarşılaşsalar, bu barədə Abşeron rayon İcra Hakimiyyərtində yaradılan Operativ Qərərgaha (012-342-40-00) məlumat versinlər”.