Fevralın 7-də Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsində əməliyyat müşavirəsi keçirilib.
"Qafqazinfo" xəbər verir ki, müşavirədə İstintaq və Təhqiqat İdarəsi tərəfindən 2019-cu ildə görülən işlər, 2020-ci ildə qarşıda duran vəzifələr müzakirə olunub.
Toplantıda Baş Prokurorluq, Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin əməkdaşları iştirak edib. Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən innovativ islahatlar çərçivəsində Əməliyyat-İstintaq Baş İdarəsinin təşkil olunduğunu, aparılan struktur islahatlarının gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində effektiv idarəçiliyin tətbiq olunmasına şərait yaratdığını bildirib.
Xüsusilə korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin daha da gücləndirilməsinin vacibliyini vurğulayan Məsum Rəsulov, qarşıya çıxan problemlərdən və nöqsanlardan, neqativ halların aradan qaldırılması istiqamətində görüləcək işlərdən bəhs edib.
İstintaq və Təhqiqat İdarəsinin rəisi Ülvi Zülfüqarov bildirib ki, ötən il təhqiqat şöbəsi tərəfindən 43 hüquqpozma faktı araşdırılıb ki, bunlardan 31-i cinayət xarakterli, 12-si isə gömrük qaydaları əleyhinə inzibati xətalar olub. İstintaq şöbəsində isə 638 material icraata götürülüb. 2018-ci illə müqayisədə 98 cinayət işi və ya 22 % daha çox cinayət işi açılıb, eyni zamanda məhkəməyə göndərilən cinayət işlərinin sayı da artıb.
Daha sonra Təhqiqat şöbəsinin rəisi Elnur Qurbanov, Respublika Prokurorluğunun əməkdaşı Əli Qurbanov və Əməliyyat İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərli çıxış edib.



Son xəbərlər
Son Xəbərlər