Dünən “Tour d'Azerbaidjan” veloyürüşündə iştirak edən “Team Novo Nordisk” komandasının üzvlərinin azərbaycanlı, diabeti olan uşaqlarla görüşü olub.
“Qafqazinfo” xəbər verir ki, əsas mesaj “Diabet insanın istəklərini həyata keçirməsinə maneə deyil” olan görüşdə velosipedçilər uşaqlarla öz təcrübələrini, sağlam həyat tərzi haqqında fikirlərini bölüşüblər.
Diabeti olan velosipedçilərdən təşkil olunmuş bu komandanın üzvlərindən biri, Fransadan olan Quentin Valognes 6 yaşından bəri diabetlə yaşayır. Velosiped sürməyə də uşaq yaşlarından başlayıb. Quentin deyir ki, ətrafımdakı insanlar hər zaman ehtiyatla davranmağını istəsələr də, o, insanları inandırmağa çalışıb ki, bacara bilər:
“Bizim də iki əlimiz, iki ayağımız var – diabet xəyalları gerçəkləşdirməyə maneə deyil.”
Anası ilə görüşə gələn 11 yaşlı Raul artıq 3 ildir ki, diabetdir. Az yaşı olsa da, diabet haqqında internetdə araşdıraraq çoxlu məlumatlar əldə edib. O, artıq diabetin bir həyat tərzi olduğunu yaxşı bilir. Gələcəkdə öz təbiri ilə desək, şəkər həkimi olub, uşaqları iynə vurmadan sağaltmağın çarəsini tapacağını söyləyir:
“Şəkərli yeyən insanlar hansısa başqa xəstəliklərə tutula bilir, amma mən tutmayacağam, çünki şəkəri az miqdarda istifadə edirəm, qidalanmağıma çox fikir verirəm, ona görə də yaxşı və sağlam böyüyəcəyəm.”
Qeyd edək ki, Beynəlxalq Diabet Federasiyasının statistikasına əsasən, hazırda dünyada 415 milyon insan diabetlə yaşayır. Beynəlxalq məlumatlara görə, Azərbaycanda 1 milyon insan diabetdir. Onlardan təqribən 220 min insana diaqnoz qoyulub. Digərləri isə diabet olduğundan xəbərsizdir.



Son xəbərlər
Son Xəbərlər