140 gəncin iştirak ilə Şəkidə təşkil olunan “Cümhuriyyətin 100 ili” Diaspor Gənclərinin I Yay Düşərgəsi başa çatıb. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan diasporunun birləşdirilməsi yolunda mühüm addım kimi qiymətləndirilən Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçıları “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin yaradılmasına qərar verib və bu barədə bəyannamə ilə çıxış ediblər.
Bəyannamədə qeyd olunur ki, dünya azərbaycanlıları birliyinin yaradılması, onların hüquq və azadlıqlarının təmin edilməsi, Azərbaycana dair həqiqətlərin dünyaya yayılması, azərbaycanlıların soyqrımı hadisələrinin (1918 mart, 1992 fevral) dünyada tanıdılması, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği üçün birgə çalışacaqlar:
“Biz bəyan edirik ki, ölkəmizə doğru yönəlmiş istənilən təhlükələrə qarşı birgə mübarizə aparacaq və Ermənistan tərəfindən işğal edilmiş bütün Azərbaycan torpaqlarının geri qaytarılması, məcburi köçkünlərin öz doğma yurdlarına qovuşması üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Sonda Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsinin yaradılması qərara alınıb. Qəbul edilən qətnamədə qeyd olunub ki, Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi yarandığı gündən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adən-ənənələrinin intensiv təbliği, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı şəkildə fəaliyyətinin təmin edilməsi, o cümlədən, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsi kimi missiyaları öz üzərinə götürür.
Son xəbərlər
Son Xəbərlər