Diaspor jurnalistləri beynəlxalq təşkilatlara müraciət etdi

diaspor-jurnalistleri-beynelxalq-teskilatlara-muraciet-etdi
Oxunma sayı: 789

Diaspor jurnalistlərinin beynəlxalq təşkilatlara və beynəlxalq ictimaiyyətə müraciət edib.  

Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, xaricdə yaşayan bir qrup azərbaycanlı jurnalist Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimovun  iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olması ilə bağlı beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara müraciət edib. Müraciətdə deyilir:

“Media nümayəndələri  müharibə bölgəsində, eləcə də müharibənin başa çatdığı ərazilərdə işləmək, tərəfsiz və obyektiv məlumat yaymaq, münaqişə zonası ilə digər tərəflər arasında körpü olmaq kimi önəmli rola malikdir. 

Böyük təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimov  iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olublar.

Çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkət etdiyi yolda  tank əleyhinə minaya düşməsi nəticəsində ümumilikdə üç nəfər həlak olub, dörd nəfər isə ağır bədən xəsarətləri alıb.

Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılarının basdırdığı minalara düşüb və onlardan 27-si həlak olub.

Baş verən faciə göstərir ki, Ermənistan hələ də regionda məkrli siyasətini davam etdirir, işğaldan azad olunmuş Azərbaycan ərazilərində müxtəlif yollarla minalanma prosesini həyata keçirir. Beləliklə, regionda mülki şəxslərin, xidməti vəzifələrini yerinə yetirən media mənsublarının  həyatı üçün ciddi təhdidlər mövcuddur və belə bir vəziyyət biz jurnalistləri dərindən narahat edir.

Təəssüflə qeyd edirik ki, bir çox hallarda jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları, jurnalist birlikləri baş verən cinayət faktları ilə bağlı heç bir reaksiya vermir, susmaqda davam edirlər. Beynəlxalq insan hüquqları təşkilatlarının, jurnalist birliklərinin mülki şəxslərin, o cümlədən  media təmsilçilərinin fəaliyyətinə əngəl törədən, həyatlarına son qoyan belə hüquq və qanun pozuntularına etinasız qalması bütün dünyada bu cür cinayət hallarının artmasına rəvac verə bilər.

Biz xaricdə yaşayan azərbaycanlı jurnalistlər olaraq,  BMT, Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatlara, o cümlədən, Amnesty International və Human Rights Watch insan haqları qruplarına müraciət edərək bildiririk ki,  Ermənistan silahlı qüvvələri  işğal etdiyi və 44 günlük müharibə nəticəsində azad olunmuş Azərbaycan ərazilərinin mina xəritələrini verməməklə və hazırda da gizli yollarla ölkə ərazisinə daxil olaraq minalanma prosesi aparmaqla humanitar norma və prinsipləri kobudcasına pozur, beynəlxalq insan haqlarını ayaqlar altına atır.

Ermənistanın bu cinayətkar əməlləri nəticəsində mülki şəxslərin, media təmsilçilərinin  həyatına son qoyulduğunu bir daha diqqətə çatdırır, işğalçı dövlətdən 30 il əsarət  altında

saxladığı Azərbaycan ərazilərində basdırdıqları minaların xəritələrinin açıqlanmasını və beynəlxalq qanunlarla müəyyən olunan sərhədlərimiz daxilində bu gün də həyata keçirdiyi minalanma prosesini dayandırmasını, beynəlxalq ictimaiyyətin,  jurnalist təşkilatlarının  baş verənlərə duyarlı olmasını tələb edirik”.

Məmməd Gülməmmədov  Türkiyə Haber Global

Sevil Nuriyeva                   Türkiyə Türkmedia Grup

Natiq Nailəoğlu                  Türkiyə Real TV 

Nigar Mahmudova             Türkiyə Haber Global

İlhamə Qasımlı                  Türkiyə    müstəqil jurnalist

Məhsəti Şərif                     Türkiyə müstəqil jurnalist

Könül Şamilqızı                 Türkiyə müstəqil jurnalist

Nigar Ögeday                    Türkiyə müstəqil jurnalist

Vüqar Abbasov                  Niderland connect təşkilatının rəhbəri, jurnalist

Xatirə Sərdarqızı               Niderland Real TV

Tünzalə Rafiqqızı              Almaniya müstəqil jurnalist

Fərahim Qasımov              Almaniya xeber.de

Vahid İmanov                    İspaniya müstəqil jurnalist

Səadət Kadırova               Rusiya politoloq, jurnalist

Şəhriyar İmanbəyli            Rusiya “Vostok”media-holdinqin vitse-prezidenti

Xəyal  Tağıyev                  Rusiya müstəqil jurnalist

Nilufər Şıxlı                       Rusiya Ria Novosti

Ramiz Məşədihəsənli      Qazaxıstan Türkel Media

Əsli Xəlilqızı                    Türkiyə müstəqil jurnalist

Azər Cahangirov             Rusiya beynəlxalq jurnalist

Nailə Əfəndiyeva            Rusiya polska.ru saytının redaktoru

İdrak Abbasov                Norveç İctimai Teleradio Şirkəti

Azər Məmmədov           Gürcüstan müstəqil jurnalist

Hicran Əliyeva               Polşa müstəqil jurnalist

Vahid Qazi                     İsveç müstəqil jurnalist

Müseyib  Ələkbərov      Rusiya news.ru saytının redaktoru

Oqtay Hacımusalı         Türkiyə müstəqil jurnalist

İlkin Hüseynov              Gürcüstan aktual.ge

Nahid Qurbanov           Gürcüstan interpress.ge

Ülkər Fərmanqızı          Türkiyə voicepress.com.tr