"Qafqazinfo"ya daxil olan məlumata görə, mətbuat konfransında Vəkillər Kollegiyasının Rəyasət heyətinin üzvü və “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin sədri Anar Bağırov, Dilqəm Əsgərovun qardaşı Sahib Musayev, Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova və Ermənistan xüsusi xidmət orqanları tərəfindən qətlə yetirilən Həsən Həsənovun qardaşı Namiq Həsənov görülən tədbirlər barədə ictimaiyyətə geniş məlumat veriblər.
“Bir müddət öncə həmyerlilərimizin azad olunması üçün Avropa İnsan Hüquqları üzrə Məhkəməsinə müraciət etməyin vacibliyini qeyd etmiş, bunun üçün lazımi hərəkətlər edəcəyimizi bildirmişdim. Nəzərinizə çatdırmaq istərdim ki, artıq bu barədə ərizə hazırlanmış və Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilmişdir” –deyə girovların müdafiəçisi A.Bağırov bildirib.
Anar Bağırov eyni zamanda bildirib ki, ərizənin qəbul edilməsi və təmin olunması üçün kifayət qədər hüquqi əsaslar vardır. Belə ki, soydaşlarımızın Avropa Konvensiyasının 3-cü (“İşgəncələrin qadağan olunması”), 5-ci (“Azadlıq və toxunulmazlıq hüququ”), 6-cı (“Ədalətli məhkəmə araşdırması hüququ”) , 8-ci (“Şəxsi həyata və ailə həyatına hörmət hüququ”), 13-cü (“Səmərəli hüquqi müdafiə vasitələri hüququ”) , 14-cü (“Ayrı-seçkiliyin qadağan olunması”), eləcə də Konvensiyanın 4 saylı protokolonun 2-ci (“Hərəkət etmək azadlığı”) və Konvensiyanın 1-ci protokolunun 1-ci (“Mülkiyyətin müdafiəsi”) maddələri ilə tanınmış hüquqları kobud şəkildə pozulmuşdur və Ermənistan dövləti buna görə məsuliyyət daşımalıdır. Əvvəllər də Avropa Məhkəməsinin buna bənzər işlər üzrə müxtəlif dövlətlərə qarşı kifayət qədər qərarları da vardır (“İlaşku və digərləri Moldova və Rusiyaya qarşı”, “Katan və digərləri Moldova və Rusiyaya qarşı”, “Drozd və Yanoçek Fransa və İspaniyaya qarşı” işlər və s. )”.
“Ərizədə soydaşlarımızın pozulmuş hüquqları bir-bir sadalanmış, eyni zamanda onlara qarşı tətbiq olunan işgəncə faktları, qeyri-insani rəftar əlamətləri fotolar və digər sübutlar vasitəsilə ərizəyə əlavə olunmuşdur. Həmyerlilərimizin 4-5 ay ərzində tanınmayacaq halda arıqlamaları, eyni zamanda onların məhkəməyə gətirilən zaman onlara qeyri-insani rəftarın göstərilməsi, zor tətbiq olunması beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasına dəlalət edir” deyə hüquqşünas bildirib.
A.Bağırov bildirib ki, adətən Avropa Məhkəməsinə müraciət olunan zaman ora göndərilən ərizənin icraata qəbul edilməsi və işə baxılması ilə bağlı digər prosedurlar uzun müddət çəkə bilir. Bunun qarşısını almaq üçün Avropa Məhkəməsinə müraciət qaydalarının 41-ci maddəsinə uyğun olaraq işə təcili baxılmasının zəruriliyi ərizədə xüsusi qeyd olunmuşdur.
Eyni zamanda hüquqşünas bildirib ki, Dağlıq Qarabağ ərazisində girov götürülərkən ermənilər tərəfindən öldürülən Həsən Həsənovun yaxın qohumlarının adından da Avropa İnsan Hüquqları üzrə Məhkəməsinə Ermənistana qarşı şikayət ərizəsi artıq hazırlanmış və müvafiq orqana göndərilmişdir.
“Hesab edirəm ki, öz ata-baba yurdlarını, valideynlərinin məzarını ziyarət edən insanlara qarşı ermənilər tərəfindən qurulan bu “teatr” sadəcə biabırçılıqdır, əksinə bu “teatr”ı quranlar, onda iştirak edənlər (hakim və s.) qanun qarşısında ciddi cavab verməli, məsuliyyətə cəlb olunmalıdırlar” – deyə sonda qeyd edib.
Son xəbərlər
Son Xəbərlər