DİM sədrindən buraxılış imtahanlarının sualları ilə bağlı - Açıqlama

dim-sedrinden-buraxilis-imtahanlarinin-suallari-ile-bagli
Oxunma sayı: 3356

“Bu il buraxılış imtahanlarında (3 fənn üzrə) iştirak edən, lakin müxtəlif səbəblərdən 1-15 mart tarixlərində keçirilən ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarına da yenidən imkan yaradılacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, buraxılış imtahanlarının gedişatı ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, onlar 15 aprel-5 may tarixləri arasında aparılacaq sənəd qəbulunda iştirak edə biləcəklər.

Martın 5-i və 12-si keçirilən buraxılış imtahanları haqqında məlumat verən M.Abbaszadə bu il məzunların sayının daha çox olmasını diqqətə çatdırıb: “11-ci sinfi bitirən imtahan iştirakçılarının sayı bu il 98616 nəfər olub. 2790 nəfər isə peşə liseylərini bitirir. Ötən il müvafiq rəqəm 91067 və 2614 nəfər olub”.

M.Abbaszadə son günlər ictimaiyyət arasında müzakirə olunan buraxılış imtahanlarının məzmunu və mürəkkəblik dərəcəsinə də toxunub. O qeyd edib ki, buraxılış imtahanlarında istifadə edilən bütün test tapşırıqları ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlanır və müvafiq fənlər üzrə təhsil proqramı – kurikulumun təlim nəticələrinə uyğun bilik və bacarıqları yoxlamağa xidmət edir: “İmtahanda istifadə olunan hər bir tapşırığın, hər bir sualın məqsədi var. Bütün bunlar bəlli standartlar üzrə bilik və bacarıqları yoxlamaq üçündür. Hər bir tapşırığın konkret olaraq hansı standartı yoxlamağa xidmət etdiyini də göstərə bilərik. Bəzən oxuyub-anlama bacarığını yoxlamaq üçün imtahanda istifadə olunan hansısa bir mətnin həcminin böyük olması, məzmununun çətin və ya proqramdan kənar olması ilə bağlı iddialar səsləndirilir.

Bu il imtahanda istifadə olunan “Telekinez”lə bağlı mətn daha çox müzakirələrə səbəb olub. Halbuki həmin mətnin həcmi əvvəlcədən verilən imtahan modelindəki mətnlə, həmçinin daha əvvəl imtahanlarda istifadə olunan mətnlərin həcmi ilə eynidir. Səsləndirilən fikirlərdə mətnin məzmununun da 11-ci sinif şagirdləri üçün çətin olduğu bildirilir. “4-cü sinif Azərbaycan dili metodik vəsaitinə baxın (səh.226, 2015-ci il, e-derslik.edu.az). Görün “Telekinez” haqqında nə qədər məlumat var”.

M.Abbaszadə əlavə edib ki, təəssüf ki, insanlar 4-cü sinifdə verilən mövzuların 11-ci sinif şagirdi üçün çətinlik yaratdığını iddia edirlər. Ancaq builki məzunlar 2015-2016-cı tədris ilində həmin dərsi keçiblər və tanış olmalı idilər: “İmtahan nəticələri elmi-statistik cəhətdən təhlil olunmadan onun mürəkkəblik səviyyəsi haqqında nəsə demək düzgün deyil. Dünən son 4 ilin göstəriciləri ictimaiyyətə təqdim olundu. Hamısı bir-birinə yaxındır. Builki nəticələri də yoxlama prosesi bitdikdən sonra elan edəcəyik. Bəzən imtahanların çətinliyi ilə bağlı ictimaiyyət nümayəndələri tərəfindən də ziddiyyətli fikirlər eşidirik. Test sisteminin əzbərçiliyə səbəb olmasını vurğulayırlar. Ancaq müəyyən bacarıqları yoxlayan yazılı cavab tələb edən açıq tipli tapşırıqlardan istifadə olunanda çətindir deyirlər”.

Riyaziyyat fənninə aid suallarla bağlı səslənən fikirlərə münasibət bildirən M.Abbaszadə tapşırıqların iştirakçıların yazılı cavablarının statistik təhlili əsasında bir daha araşdırılacağını və yekun qərarı ekspert komissiyasının verəcəyini qeyd edib.

Gülnar Əliyeva