“1992-ci ildən xidmətdə olmuşam. Əvvəllər Ağdərə Polis İdarəsində çalışmışam. Ağdərə Polis Şöbəsinin rəisi tərəfindən nümunəvi qulluq etdiyim üçün təhsilimi davam etdirmək məqsədilə Polis Akademiyasına oxumağa göndərilmişəm. Özüm Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm, müharibə veteranıyam. Himayəmdə 3 uşağım və 85 yaşlı anam var.
2006-da Qeydiyyat və Şəxsiyyət vəsiqəsi qrupunun baş inspektoru kimi Daxili İşlər Nazirliyindən xaric edilmişəm. O zaman mənə saxtakarlıq maddəsi ilə ittiham irəli sürüldü və kapitan rütbəsi ilə işimə xitam verildi. Halbuki mənə qarşı saxtakarlıq deyil, səhlənkarlıq maddəsi irəli sürülməli idi. Belə ki, mənim etibarımdan sui-istifadə edərək saxta sənəd hazırlanıb və bu sənədin həqiqiliyi ilk baxışda hiss oluna bilməzdi, bunu ancaq ekspertiza müəyyən edə bilərdi. Və mən bilmədən həmin şəxsə şəxsiyyət vəsiqəsi vermişəm. Bunun üstü iki il sonra açılıb. Əslində bunu bilərəkdən etməmişdim, bu mənim tərəfimdən səhlənkarlıq idi. Töhmət də verə bilərdilər.
DİN-ə müraciətlərimə cavab olaraq isə mənə bildirilib ki, pensiyaya çıxmaq üçün 20 il xidmət etməli idin. Mən isə 17 il xidmət etmişəm, 3 ilim çatmır.
Özüm hər zaman döyüş bölgəsində, Xocavənd, keçmiş Martuni-Hadrut rayon polis şöbəsində uzun illər təmənnasız çalışmışam.
Ürəyimdə problemlər olduğu üçün 8 ildir işsizəm.
Mən media vasitəsilə yenidən işimin bərpa olunması üçün prezidentə müraciət etmək istəyirəm. Əgər mənim yenidən işimə qayıtmağım mümkün deyilsə, heç olmasa pensiyaya çıxmağıma şərait yaradılsın”.
Son xəbərlər
Son Xəbərlər