Din istismarçılarına ismarıc

din-istismarcilarina-ismaric
Oxunma sayı: 1446


Yaxın Şərqdə hələ də qarşıdurmalar, vətəndaş müharibəsi, terror yelləri əsməkdədir. Və dünyadakı hər cür zərərli ünsürlər bu qarmaqarışıqlığa Azərbaycanı da sürükləmək üçün dəridən-qabıqdan çıxırlar. Bu məqsədlə də insanların dini düşüncələri, ən müqəddəs duyğuları üzərindən hərəkət edilir.

...Bugünlərdə Sabirabadda baş vermiş saqqalqırxma olayı da bu sıradandır. İlk baxışdan olayın bir təxribat olduğunu sezmək elə də çətin deyil. Amma anlaşılan odur ki, bu təxribatı elə bir şəkildə düzənləyiblər ki, böyük bir kütlə əməlli-başlı “qəzəblənib”. Yəni Azərbaycanın məsuliyyətsiz mediasını izləyən insanda belə bir təəssürat yaranır. Halbuki ortada adi bir təxribat olayı vardı ki, hüquq mühafizə orqanları da dərhal onu törədənləri zərərsizləşdirdi. Qalır olayın əslini-astarını müəyyən etmək, onu da edəcəklər. Sözümüzsə, əslində, bunda deyil.

Bu olaydan hərəkət edərək bizi də məzhəb savaşlarına sürükləmək istəyən ünsürlərə və onların ağalarına səslənmək zamanı gəlmişdir. Müqəddəs İslam dinini öz cılız məqsədləri üçün istismar edən bu zavallıların bir qismi hələ də anlaya bilmir ki, kimlərinsə əlində alətə çevriliblər. Onlardan bəziləri uzun saqqal buraxıb şalvarını gödəltməklə özünə “vahabi”, bəziləri də İslam adına parodiya olan İranın ardınca sürünərək “Əli ardıcılı” deyir, özlərindən başqa kimsəni qəbul etmir. Bu azmış kimi digərlərini düşmən elan edir, onların qanını halal buyurur. Öldürən də, öldürtən də, ölən də “Allahü əkbər” deyərək müsəlmanları bir-birinə düşmən edir, parçalayır və əslində, şeytana qulluq edir. Amma dindirsən deyəcəklər ki, biz Allahın buyurduğunu edirik. Gəl də bunlardan soruşma ki, Allah sizə məgər qardaşlarınızla düşmən olmağımı buyurur? Yaxud da dünyada bu qədər müsəlman zalımın zülmü altında inləməkdəykən qardaşınıza həyan olacağınıza düşmənin dəyirmanına su tökməyi də Allahmı buyurur? Bu sualların cavablarını, bəlkə də, o cahillərin özləri də yaxşı bilir. Amma bir baxırsan ki, kor tutduğunu buraxmaz misalı bunlar da ən böyük düşmən olaraq İslamın fərqli məzhəb və təriqətlərindən olanları görərlər. Və yenə də Allah adına, Allahın buyurduğunu iddia edərək öz qardaşlarına güllə atar, müsəlman dövlətlərində durmadan qanlar axmasına səbəb olarlar. Bu gün dünyada qanlar içində boğulan ölkələr hansılardır? Xırda istisnalarla müsəlman yurdları! Misir, Suriya, İraq, Liviya, Əfqanıstan, Pakistan və daha neçə müsəlman ölkəsində elə özünə müsəlman deyənlər bir-birinə güllə atır. Böyük şeytan da bir təpədə oturub bunları idarə edir, axan qardaş qanına baxıb həzz alır.

İndi özünü “İslam təəssübkeşi” kimi qələmə verən bu saqqallı, gödək şalvarlı, əmmaməli, daha nə bilim nə geyimli, geyimsiz ünsürlərə deyəsən ki, əgər doğrudan da İslam üçün can qoymağa, müsəlmana zülm edənə qarşı cihada belə ürəkdən bağlısansa, göstər özünü! Məsələn, bu ünsürlər müsəlman torpağı olan Qarabağı işğal altında tutan neçə erməni canisini cəzalandırıb? Yaxud da məscidlərdə adi bir namaz qılması belə əngəllənən, sadəcə müsəlman olduğu üçün hər cür alçaldıcı münasibətə məruz qalan uyğurların başına oyun gətirməyə davam edən zalım Çinə qarşı nə edib bunlar? Bəs Həmasın atəş nöqtələrini susdurduğunu iddia edib də Qəzzada çoluq-çocuğu öldürən İsrailə necə, bu “din təəssübkeşləri” bir şey edibmi? İraqı, Əfqanıstanı işğal etdiyində müsəlman qadınlarının, qızlarının namusuna təcavüz etmiş, hətta kişilərini belə alçaldaraq şəklini çəkib dünyaya yaymış Amerika əsgərlərinin neçəsini bu “din təəssübkeşləri” öldürüb? Nəsə mən bir şey eşitməmişəm bu barədə. Hər halda, mənim kimi məlumatlı birisi bunu eşitməyibsə, deməli, ortada bir şey də yoxdur.

Bu yazımda məqsədim heç də hansısa ölkəyə, hansısa xalqa qarşı terror çağırışı etmək deyil. Demək istədiyim odur ki, özünü bu cür zərərli təriqətlərə - İslam adı altında gizlənən və əslində, İslama ləkə olan cərəyanlara qapdırmış insanların ayılması lazımdır. Şəhid olmaq, cihad etmək, kafirlərə, İslam düşmənlərinə qarşı savaşmaq keçirsə ürəyinizdən, buyurun, Vətən torpaqlarını işğal altında tutmağa davam edən Ermənistan çox da uzaqda deyil. Gedin dağıdın oranı! Altını üstünə çevirin! Namusu tapdanmış, ləyaqətinə toxunulmuş müsəlman bacı və qardaşlarımızın intiqamını alın! Alarsınızmı? Nəsə şübhəm var mənim. Almazsınız! Çünki sizin boş beyinlərinizi dolduranlar elə proqramlaşdırıblar ki, gedib Suriyada, İraqda İŞİDə, ən-Nusraya, Talibana, əl-Qaidəyə qoşulub gerçək düşmənə deyil, öz din qardaşlarınıza güllə atırsınız və atarsınız.

Və Azərbaycanın məsuliyyətsiz mediası! Mən bu dünyada öz dövlətinə, öz xalqına bu qədər düşmən kəsilmiş media görmədim! Bir saqqal olayını haralara daşımadı daha bu media? Hətta iddia etdilər ki, 160 maşınlıq vahabi ordusu Sabirabada basqın edib qisas alırmış! İndi də görürəm ki, Şəkidə bir ziyarətgahın lövhəsi qopardılıb, onu da vahabilərin ziyarətgaha hücumu kimi qələmə verirlər! Ortada fakt-sübut olmadan. Bir də bu Müşfiqabad qəsəbəsində bir neçə cahilin qovğa çıxarması olayı var. Və bütün bunları sanki Ermənistan mediası yazırmış kimi yazır Azərbaycan mediası! Qızışdıraraq, şişirdərək, qaşınmayan yerdən qan çıxarmaq amacıyla!

Etməyin bunu, etməyin! Məgər gözü çıxan qardaşınız (İraq, Əfqanıstan, Suriya və s.) gözünüzün önündə deyilmi? Sizə Azərbaycanın da o günə düşməsimi lazımdır? Azərbaycan xoşgörülü, dünyəvi dövlətdir. Kim hansı dinə, təriqətə, məzhəbə qulluq etmək istəyirsə, şəxsi işidir. Amma başqalarını da zorla o təriqətlərə, məzhəblərə sürükləmək istəyənlər qarşılarında dövləti görəcəklər və görürlər də! Elə bu cür ünsürlərin xidmətində duran media qurumları da!