“DİN və DTX-nın peşəkarları ilə birgə xüsusi qruplar yaratmışıq” - Kamran Əliyev

“DİN və DTX-nın peşəkarları ilə birgə xüsusi qruplar yaratmışıq”
Oxunma sayı: 2820

Son aylarda Azərbaycanda uzun illərdir bağlı qalmış bir neçə qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

“Qafqazinfo” xəbər verir ki, baş prokuror Kamran Əliyev bu cinayətlərin açılmasında Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrindən ibarət xüsusi qrupların böyük rolu olduğunu deyib.

Xəbəri rus dilində oxuyun: Компании Improtex Industries и Imagro, входящие в группу Improtex, принимают участие в выставке Caspian Agro 2022 - Фото

Bu gün Baş Prokurorluğunun benefisiarı olduğu “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsinin açılış mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran Kamran Əliyev keçmiş illərdən qalan ağır cinayətlərin açılmasında böyük irəliləyişlərin olduğunu vurğulayıb: “Biz ilk günlərdən çalışdıq ki, əvvəlki illərdən bağlı qalmış ölüm işlərinin açılmasına nail olaq. Bildiyiniz kimi, şəxsiyyət əleyhinə olan ağır cinayətlər uzun müddət bağlı qaldıqda bu cəmiyyətdə müəyyən cəzasızlıq mühitinin yaranmasına, gərginliyə səbəb olur. Bu səbəbdən də şəxsiyyət əleyhinə olan ağır cinayətlərin, xüsusilə gizli törədilmiş ölüm işlərinin üstünün açılması bizim üçün ən vacib fəaliyyət istiqamətlərindən biridir. Bununla bağlı xüsusi qruplar yaradılıb. Həmin qruplara həm prokurorluğun müstəntiqləri, həm də Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarları cəlb olunub”.

Kamran Əliyev əlavə edib ki, qeyd edilən xüsusi qrupların fəaliyyəti nəticəsində 2021-ci ildə əvvəlki illərdən qalmış 8 ağır cinayətin, bu ilin 5 ayı ərzində isə 7 ağır cinayətin üstünün açılması təmin edilib:

“Qeyd edim ki, bir sıra ağır cinayətlərin üstünün açılmasına da çox yaxınıq. Biz həmin işlərin sona çatdırılmasına yaxınlaşırıq və bu istiqamətdə həm prokurorluq, həm DİN, həm də DTX olaraq birgə fəaliyyətimizi davam etdirəcəyik”.

Nizam Rza