“Qafqazinfo” report-a istinadən xəbər verir ki, cinayəti törədən 1987-ci il təvəllüdlü Goranboy rayonu Dəliməmmədli qəsəbə sakini Məhəbbət Vilayət oğlu Cahangirov istintaqa ifadə verib. O, ifadəsi zamanı 1970-ci il təvəllüdlü Tahir Talıbovu ona yazdığı duaya görə qətlə yetirdiyini bildirib. M.Cahangirov qeyd edib ki, din xadimi ona dua yazandan sonra baş ağrıları çoxalıb. O, yazılan duanın nəticəsini görmədiyinə görə din xadimini qətlə yetirdiyini bildirib.
Qeyd edək ki, Səbail Rayon Polis İdarəsi və 9-cu Polis Bölməsi (PB) əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdiyi əməliyyat zamanı T.Talıbovu qətlə yetirən M.Cahangirov saxlanılaraq istintaqa təqdim olunub. Polis əməkdaşları 1987-ci il təvəllüdlü M.Cahangirovu yaşadığı rayonda saxlayaraq istintaqa təqdim ediblər. Saxlanılan şəxs barəsində Səbail Rayon Prokurorluğunda cinayət işi başlanılıb. İstintaq zamanı hadisənin təfərrüatlarına aydınlıq gətiriləcək.
Hadisə İçərişəhər ərazisində, Firdovsi küçəsi 5 ünvanında baş verib. Həmin ünvanda kirayə götürdüyü ofisdə T.Talıbovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti aşkar edilib. Qətlə yetirilən T.Talıbov həmin ünvanda dini kəbinlər kəsirmiş, həmçinin müraciət edən şəxslər üçün dualar yazırmış.
Son xəbərlər
Son Xəbərlər