Avqustun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
“Qafqazinfo” xəbər verir ki, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı, İcra Hakimiyyətinin nümayəndələri, ağsaqqallar, din xadimləri, dindarlar və gənclərin iştirak etdiyi tədbirdə əvvəlcə DQİDK-nın tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub.
Daha sonra çıxış edən RİH başçısının birinci müavini Gülarə Verdiyeva rayondakı dini durum barədə məlumat verib və qeyd edib ki, Nəsimi rayonunda 3 məscid fəaliyyət göstərir. Gülarə Verdiyeva, eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə sahəsindəki fəaliyyətini yüksək qiymələndirib.
Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov DQİDK tərəfindən maarifləndirmə məqsədilə paytaxtda və bölgələrdə ardıcıl olaraq dəyirmi masalar və konfransların keçirildiyini qeyd edib.
Səyavuş Heydərov bildirib ki, ən qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışı baxımından dünyaya nümunədir.
O, xurafat, dini ekstremizm və radikalizmlə mübarizədə dini icmaları, din xadimlərini fəal olmağa çağırıb və eyni zamanda qarşıdan gələn Məhərrəm ayı ilə əlaqədar tövsiyələrini verib.
Son xəbərlər
Son Xəbərlər