Dini təriqətə qoşulub döyüşənlərə 6 ay həbs verildi

dini-teriqete-qosulub-doyusenlere-6-ay-hebs-verildi
Oxunma sayı: 3009

Pakistanda qanunsuz silahlı birləşmənin tərkibində döyüşən Mənsur Cumayev və Nəsir Cahangirovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda onların hər biri 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin 2021-ci ildə keçirdiyi əməliyyatla saxlanılıb. Azərbaycan vətəndaşları - 1980-ci il təvəllüdlü Cumayev Mənsur və 1971-ci il təvəllüdlü Cahangirov Nəsirin ölkə hüdudlarından kənarda silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən edilib. Məlum olub ki, M.Cumayev və N.Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə ölkəni tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçməklə “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olub. Onlar Pakistan-Əfqanıstan sərhədində silahlı qruplaşmanın tərkibində döyüş əməliyyatlarında iştirak ediblər.

Faktla bağlı M.Cumayev və N.Cahangirov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, Pakistan qanunvericiliyinə görə, qeyri-qanuni təşkilatlara qoşulan şəxslər 6 ay müddətə azadlıqdan məhrum edilir. Azərbaycan qanunvericiliyinə görə isə məhkəmələrin təyin etdiyi cəza cinayətin törədildiyi xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz.

Amin Nəzərli