“Qafqazinfo”nun xəbərinə görə, iyulun 2-də Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Media forum” saytına zəlzələ zonasındakı hazırkı durumdan danışıb. O deyib ki, hazırda ərazidə enerji boşalması gedir: “Maqnitudası Rixter cədvəli ilə 5.2 bal gücündə olan güclü təkandan sonra orada 15-dən çox afterşok olub. Bölgədə seysmiklik arabir vurmalıdır. İyulun 1-də zəlzələ zonasında 0.8, 0.6 ballıq zəif təkanlar qeydə alınıb. Güclü zəlzələ olma ehtimalı yoxdur.
Ümumiyyətlə Azərbaycan bütünlüklə seysmik zonada yerləşir. Alp dağlarından Himalay dağlarına qədər geniş bir ərazi seysmik cəhətdən aktiv zolaqdır. Bu qurşaqda Krım, Qafqaz, o cümlədən Azərbaycan yerləşir. Azərbaycanın şimal-qərb bölgəsi - Şəki, Qax, Zaqatala, Balakən, Böyük Qafqazın yamac hissələri seysmoloji aktiv bölgədir”.
Qurban Yetirmişli qeyd edib ki, iyunun 29-da olan zəlzələ nəticəsində Zaqatalanın iki kəndində 2-3 bina zərər çəkib: “Bunlar da çay daşından tikilmiş, 2012-ci ildən qəza vəziyyətində olan binalardır. 2012-ci ildə həmin zonada baş vermiş zəlzələdən sonra tikilən yeni binaların heç birində qəza vəziyyəti yaranmayıb”.
İyulun 2-də saat 12:49-da Siyəzəndən 18 kilometr cənub-qərbdə - Qubada zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, 2 kilometr dərinlikdə baş verən yeraltı təkanın maqnitudası 3.2 bal olub. Zəlzələ hiss edilməyib.
Son xəbərlər
Son Xəbərlər