“Distant təhsil problemin həlli yolu ola bilməz”

“Distant təhsil problemin həlli yolu ola bilməz”
Oxunma sayı: 2469

“Havalar soyuduqca, yoluxma hallarında artım müşahidə edilə bilər. Ancaq təkrar qapanmalar təhsildə müəyyən axsamalara gətirib çıxarar və biz əlavə problemlərlə qarşılaşa bilərik. Bu baxımdan da orta məktəblərin və universitetlərin distant təhsilə keçirilməsi məsələsi problemin həlli yolu ola bilməz”.

Bunu “Qafqazinfo”ya açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. O xatırladıb ki, yoluxma hallarının qeydə alınması lokal şəkildə siniflərin bağlanmasına səbəb olub və həmin siniflərin şagirdlərinə tətbiq edilmək şərtilə məsafədən təhsilə keçilib: “Ümumilikdə Azərbaycan məktəblərində dərslərin əyani formada keçilməsi davam etdirilir. Biz bacardığımız qədər çalışmalıyıq ki, bütün təhsil işçilərinin vaksinasiya edilməsinə nail olaq və hətta mümkündürsə, 2 doza vaksin vurdurmuş təhsil işçiləri və digər vətəndaşlarımız, tələbələrimiz üçüncü vaksini də vurdursunlar ki, yoluxma ehtimalı tamamilə aşağı düşsün. Həmçinin bizim orta məktəblərdəki şagirdlərimizin immunitetinin yaxşılaşdırılması üçün idman dərslərinin keçilməsinə xüsusilə üstünlük verməliyik. Sağlam həyat tərzinin təbliği çox vacibdir. Mərkəzdən kənarda, rayon yerlərində təəssüflər olsun ki, idman dərsləri digər dərslərlə əvəzlənir və buna ciddi yanaşılmır. Düşünürəm ki, bu dərslərə önəm vermək lazımdır, çalışmaq lazımdır ki, tələbələrimiz, şagirdlərimiz sağlam həyat tərzinə alışsınlar. Belə olan halda COVID-ə yoluxmaq ehtimalı da aşağı düşər”. 

Millət vəkili hər kəsi pandemiya şərtlərinə əməl etməyə çağırıb: “Təhsil müəssisələrinin – orta məktəblərin, universitetlərin qapadılması və distant təhsilə isti baxmıram. İstərdim ki, biz alternativ yollar tapaq, övladlarımız ənənəvi formada dərslərinə davam etsinlər. Vətəndaşlarımız pandemiya ilə mübarizədə dövlətin yanında olsunlar. İki doza vaksin olunanlar 3-cü dozanı da vurdursunlar ki, soyuq havada, pandemiyanın yenidən alovlanma ehtimalı olduğu ətrəfədə yoluxma artmasın və qapanmalara getməyək”. 

Qeyd edək ki, sentyabr ayının 22-dən etibarən Azərbaycanın ümumtəhsil məktəblərinin ibtidai siniflərində ənənəvi dərslərə start verilib. Sentyabrın 29-dan isə yuxarı siniflərdə, daha sonra isə ali məktəb və kolleclərdə dərslərə ənənəvi şəkildə başlanılıb. 

Gülnar Əliyeva