Mükafatlandırma mərasimindən sonra AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin əhatəsinə düşüb. “Qafqazinfo” baş katibin müsahibəsini təqdim edir:
- Çempionatın hazırki səviyyəsi sizləri razı salırmı?
- Premyer Liqanın səviyyəsi bu il avrokuboklarda klublarımızın göstərəcəyi nəticələrlə sübuta yetiriləcək. Təbii ki, ötən il nəticələr yaxşı oldu. "Qarabağ" qrup mərhələsində oynamaqla bizləri sevindirdi. Yeri gəlmişkən, "Dnepr" Avroliqanın finalında iştirak edəcək. Hesab edirəm ki, həmin finalda "Qarabağ" oynamalı idi. Yəqin ki, "Dnepr"ə azarkeşlik edəcəyik. Çünki ürəyimizdə düşünəcəyik ki, bu, "Qarabağ"ın uğuru idi.
- "Simurq" və "İnter"in gələcək taleyi ilə maraqlanmısız? Klublardakı maliyyə durumlarını nəzərtə tuturuq...
- Təbii ki, hazırda danışıqlar gedir. PFL-in prezidenti, həmçinin AFFA rəhbərliyi olaraq "Simurq" və "İnter" rəsmiləri ilə görüşlər keçirmişik. Bu gün Georgi Nikolov da stadionda idi. Onunla da məsələ ilə bağlı ətraflı müzakirələr aparıldıq. Bildiyiniz kimi, "İnter" artıq beynəlxalq oyunlara hazırlıq işləri görməlidi. Ümidlər var ki, hər şey qaydasında olacaq.
- Belə iddia olunur ki, növbəti mövsümdən hər bir kluba dövlət tərəfindən 1,5 milyon manat pul ayrılacaq. Bu iddia rəsmiləşibmi, yoxsa hələ ki sual altındadı?
- Sözün düzü, bu xəbərləri biz mətbuatdan eşitdik. AFFA prezidenti Rövnəq Abdullayev də keçirilən son konfransda qeyd etmişdi ki, bu il 2005-2015 futbola dair dövlət proqramı artıq yekunlaşıb. Biz bu illər ərzindəki fəaliyyət hesabatımızı təqdim etmişik. Əlavə olaraq, dövlət strukturlarına, eləcə də 2 həftə bundan qabaq beynəlxalq qurumlara da, yəni Cənab Blatter və Platiniyə də həmin hesabatı təqdim etdik. Yeni dövlət proqramının layihəsi üçün hazırlıq işləri başlandı. Artıq dövlət strukturları ilə mütəmadi olaraq əlaqə saxlayırıq. Yeni dövlət proqramın layihəsinin təsdiqini artıq məsləhətləşirik, əlavələr edirik. Təbii ki, biz də istəyərdik ki, yeni dövlət proqramı mövcud olsun. Növbəti 5 və ya 10 ildə bu artıq dövlətin qərarı olacaq. Yenə deyirəm ki, rəqəmləri ilk dəfədi sizdən eşidirəm. Təbii ki, müxtəlif fikirlər bildirilir, lakin təsdiq olunan bir rəqəm yoxdu. Biz federasiya olaraq dövlət proqramına heç bir rəqəm yaza da bilmərik. Çünki bu dövlətin qərarıdı. Ümumiyyətlə, biz layihəni verə bilərik, rəqəmlərdən söhbət belə gedə bilməz.
- Bəzi iddialar səslənir ki, ola bilər sponsorlar tapılsa, Premyer Liqada növbəti mövsüm klubların sayı 12-yə çatdırılsın. Bu nə dərəcədə həqiqətə uyğundu? Yoxsa 10 komanda ilə mövsüm start götürəcək? Ramin Musayev də açıqlamasında bildirib ki, ola bilsin komandaların sayı artırılsın.
- Bizim də arzumuz idi ki, elitada 12 komanda olsun. Lakin 10 kluba lisenziya verilib. Artıq bu məsələ demək olar ki, bağlanıb.
- Məşqçilər Komitəsində Şahin Diniyevin əvəzinə kim gətizdiriləcək?
- Biz dünən Şahin müəllimlə bunu müzakirə etdik. Bizə çatan məlumata görə, "Kəpəz" Diniyevlə hələ ki, müqavilə bağlamayıb. Yalnız həvalə olunub. Bildiyim qədər, "Kəpəz" rəhbərliyi Şahin bəydən kluba kömək etmələrini xahiş edib. Məşqçi də bu təklifi şərəflə qəbul etdi. Fikrimcə, tez bir zamanda Şahin müəllimin yerinə adam axtarmaq etik cəhətdən düz deyil. Çünki hazırda yay fasiləsinə gedirik. Ona görə də tələsmirik. Vaqif müəllimlə də bu gün söhbət etdim. Növbəti mövsümün əvvəlində bununla bağlı qərar veriləcək.
Son xəbərlər
Son Xəbərlər