Doğmaların özgəsi, özgələrin doğması... - Fotolar

Doğmaların özgəsi, özgələrin doğması...
Oxunma sayı: 2809

Aylar keçir, illər keçir, axın olur,

Yadlar gəlir, doğma olur, yaxın olur...

Yəqin ki, Xalq şairi Cabir Novruzun "Ey həyat sən nə qəribəsən" şeirindən olan bu misraları bu gün güləş üzrə ikinci dəfə dünya çempionu olaraq Qazaxıstanda Azərbaycan bayrağını dalğalandıran Mariya Stadnikə həsr etsək, yanılmış olmarıq.

O, 3 dekabr 1988-ci ildə Ukraynanın Lvov şəhərində dünyaya gəlib. 2007-ci ildən Azərbaycan bayrağı altında çıxış edən Mariya ölkə idmanında bütün zamanların ən yaxşı qadın güləşçisidir. 2008 Pekin Olimpiadasında bürünc, 2012 London və 2016 Rio-de-Janeyro Olimpiadasında gümüş medal qazanıb. Mariya bundan əvvəl 2009-cu ildə Herninqdə dünya çempionu olub. 2011-ci ildə İstanbulda və 2015-ci ildə Las-Veqasda gümüş, 2014-cü ildə Daşkənddə isə bürünc medal qazanıb. 6 dəfə Avropa çempionu olan Stadnik, həmçinin 2015-ci ildə baş tutan I Avropa Oyunlarının və 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

2008-ci ildə "Tərəqqi" medalı, 2012-ci ildə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu, 2015-ci ildə "Şöhrət" ordeni, 2016-cı ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. O, həmdə Gənclər və İdman Nazirliyinin versiyasına görə 2008, 2009, 2011, 2012, 2014, 2015 və 2016-cı illərdə "İlin ən yaxşıları" mükafatına layiq görülüb.

Mariya Stadnik 2011-ci ildə Beynəlxalq Güləş Federasiyasının (FILA) versiyasına görə planetin ən yaxşı qadın güləşçisi seçilib.

Doğmalaşan özgələr arasında millimizdə çıxış edən futbolçular da var. Bunlardan ən öndə gedəni sözsüz ki, "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeydadır.

1989-cu ildə San-Pauloda dünyaya gələn Riçi 7 ildir ki, "Qarabağ"da çıxış edir. O, 2017-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edərək millimizin heyətinə cəlb olunub. Buna qədər millimizdə Andre Ladaqa, Leandro Qomeş, Ernani Pereyra kimi braziliyalılar çıxış etsələr də, onların heç biri Almeyda qədər yadda qalmayıb. Ağdam klubunun yarımmüdafiəçisi ölkəmizə gəlmiş ən səviyyəli legionerlərdən hesab olunur. Sözsüz ki, "Qarabağ"ın uğurlarında da "sambaçı"nın rolu danılmazdır.

Özgələrin doğması olan idmançılarımız arasında ən məşhuru atlet Ramil Quliyevdir.

Ramil Quliyevv 1990-cı ildə Bakıda anadan olub. O, 2010-cu ildə "Fənərbağça" ilə müqavilə imzalayaraq, Türkiyəyə köçüb. 1 il sonra isə Türkiyə vətəndaşlığına keçmək qərarına gəlir. Bundan sonra yarışlarda Türkiyə bayrağı ilə çıxış edən Quliyev, qardaş ölkə tarixinə adını yazdırmağı bacarıb. O, 2017-ci ildə Londonda keçirilən Dünya Atletika Çempionatında 20.09 saniyəlik dərəcəsiylə birinci olub və qızıl medal qazanıb.

Türkiyə ordusunda muzdlu hərbi xidmət keçən Quliyev, vaxtı ilə Azərbaycanda üzləşdiyi biganəliyə görə qardaş ölkəyə üz tutmağa məcbur olduğunu bildirib.

Ramil Quliyevdən başqa, Nicat Rəhimov da başqa ölkə bayrağı altında çıxış edən idmançılarımızdandır. Azərbaycan millisinin sabiq üzvü ağırlıq qaldırma üzrə Olimpiya qızılına sahib olub.

Üzləşdiyi biganəliyə görə Qazaxıstana üz tutduğunu bildirən Rəhimov, Azərbaycana qayıtmaytacağını deyib.

“Mən Qazaxıstanda qalacağam. Qonaq kimi baş çəkərəm. Belə olar, güman ki. Mən Qazaxıstana alışmışam”, deyə, idmançı müsahibələrinin birində qeyd edib.

Qeyd edək ki, Nicat 2014-cü ilin avqust ayına kimi Azərbaycan millisinin üzvü olub. O, Azərbaycan komandasından çıxmaq qərarını millidə nizam-intizamın olmaması və yarışlara aparılmaması ilə izah edib.

Onu da əlavə edək ki, Rəhimov 2015-ci ildə Qazaxıstan millisinin tərkibində Avropa Çempionatının qalibi olub.

Özgələrin doğması və doğmaların özgəsi olanlar arasında şou-biznes nümayəndələri də var. 

Məsələn, gürcü qızı Manana Caparidze uzun illərdir Azərbaycanda fəaliyyət göstərir. Azərbaycan dilində də danışmağı bacaran ifaçı, ölkəmizin Əməkdar artistidir.

Türkiyə şou-biznesinə üz tutan azərbaycanlıların sayı da az deyil. Bunların siyahısına uzun illəridir Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva, aktrisa Nəsrin Cavadzadə, Əməkdar artist Məlahət Abbasova da daxildir. Bundan başqa,  "Çukur" serialında "Lal Fındık" obrazını canlandıran Ramin Nəzir də uzun illərdir Türkiyədə fəaliyyət göstərən azərbaycanlılardandır. O, son olaraq “Hareket Sekiz” filimdə rol alıb. 

Emin Səfərov


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi