Doğum evində orta məktəb- - Şəkidə+Fotolar+Video

dogum-evinde-orta-mekteb-
Oxunma sayı: 1591


“Qafqazinfo” xəbər verir ki, bu barədə rayon sakinləri ans press-ə şikayətlərində bildiriblər. Sakinlərin sözlərinə görə, rayonun Baş Zəyzid kəndində orta məktəb binası istismara yararsız olduğu üçün 2 il bundan əvvəl sökülüb. Məktəb üçün yeni bina tikiləcəyi bildirilib.

“Deyiblər ki, yeni məktəb tikəcəyik. Lakin hələ də bir şey yoxdur. Məktəb şagirdləri Baş Zəyziddə doğum evinin köhnə binasında dərs keçirlər. Həmin bina da təhsil üçün yararsızdır. Uşaqlar soyuqdan donur. Ən dəhşətlisi isə budur ki, uşaqlar bu binada hər an ölüm təhlükəsilə üzləşə bilərlər”, - deyə kənd sakini Tahir Cəlalov bildirib.

Məsələyə aydınlıq gətirmək üçün məktəbin direktoru Söhbət Salmanovla əlaqə saxladıq. Söhbət müəllim açıqlamasında bildirdi ki, rəhbərlik etdiyi təhsil müəssisəsinin binası uzun müddət istismara yararsız olub. Bu səbəbdən onları kəndin kənarındakı əvvəllər doğum evi kimi fəaliyyət göstərən inzibati binaya köçürüblər. Həmin binaya bitişik isə yeni doğum evi fəaliyyət göstərir.

“Bu barədə bütün respublikanın xəbəri var. Fövqəladə Hallar Nazirliyindən də gəliblər. Bildirilir ki, tezliklə problem həll olunacaq. Lakin dəqiq vaxt deyən yoxdur”, - deyə Söhbət Salmanov bildirib.

Qeyd edək ki, 10 mindən artıq əhalisi olan Baş Zəyzid kəndinin orta məktəbində 606 şagird təhsil alır. Bu məktəbdə 114 müəllim dərs deyir. Kənd camaatı deyir ki, bu qədər insanın yaşadığı problemin isə nə zaman həll olunacağı barədə isə konkret söz deyən yoxdur.

Məsələyə aydınlıq gətirmək üçün Baş Zəyzid kənd Bələdiyyə sədri Kamil Məcidovla əlaqə saxladıq. Kamil Məcidov açıqlamasında bildirdi ki, bələdiyyə sədri seçkilərində yeni seçildiyi üçün hələlik problemlə məşğul olmağa vaxt tapa bilməyib.

“Digər vacib işlər olduğu üçün məsələ ilə maraqlana bilməmişəm. Məsələni araşdıraram”, - deyə Kamil Məcidov bildirdi.

Baş Zəyzid kənd inzibati ərazi dairəsindən isə bildirdilər ki, hələlik problemin yaxın zamanda həll olunacağına ümid yoxdur. Dairə nümayəndəsi Əliəşraf Müslümovun verdiyi məlumata görə, bununla bağlı rayon İcra Hakimiyyətində məsələ müzakirə edilib.

“Məktəbin köhnə binası tam sökülməyib. Binanın istinad divarları qalıb. Bina yenidən təmir olunacaq. Hələlik büdcəmizdə vəsait yoxdur deyə, təmir işləri dayandırılıb”, - deyə Əliəşraf Müslümov vurğulayıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildiriblər ki, problem araşdırılacaq.