Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda yanvarın 18-dən doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları başlanıb.
“Qafqazinfo”nun məlumatına görə, 2015-ci ilin sentyabrından imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün Tədris-İnnovasiya Mərkəzində (TİM) müxtəlif müddətli kurslar təşkil olunub. Bu kurslarda informatikanın nəzəri və praktik əsasları tədris olunub, elmi fəaliyyətdə informasiya texnologiyalarından istifadə vərdişləri aşılanıb. Sonra elmi tədqiqatçılar üçün sınaq imtahanları keçirilib, burada onlara imtahanın ümumi qaydaları haqqında zəruri məlumatlar verilib.
2011-ci ildən Gəncə və Naxçıvanda yaşayan doktorant və dissertantlar TİM-də tədris olunan dərsləri məsafədən dinləyirlər. Bu ildən həmin bölgələrdə yaşayan elmi tədqiqatçılar üçün informatika fənni üzrə imtahanlar internet üzərindən distant formada həyata keçiriləcək. İmtahan prosesinə mərkəzdə quraşdırılmış video-müşahidə sistemi vasitəsilə nəzarət ediləcək.
Qeyd edək ki, AMEA-nın rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün informatika fənni üzrə doktorluq imtahanları 2013-cü ilin iyunundan elektron test üsulu ilə keçirilir.
Bu sessiyada ümumilikdə 600-dək elmi tədqiqatçının imtahan verəcəyi gözlənilir.
İmtahanlar yanvarın 29-dək davam edəcək.
Son xəbərlər
Son Xəbərlər