Xəbər verdiyimiz kimi, ötən gün Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 3% dərəcəsində müəyyənləşdirməklə bağlı qərar qəbul edib. “Qafqazinfo” xəbər verir ki, belə ki, bundan sonra əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı banklardakı əmanətləri 3 il müddətində tam sığortalanacaq.
Sözügedən məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən iqtisadçı ekspert Azər Mehtiyevin sözlərinə görə, bu qərar əhalini xarici valyutada əmanət qoymaqdan çəkinməyə xidmət edir: “Əhali manatla əmanət qoymağa maraqlı olmalıdır, çünki milli valyutada qoyulan əmanətlər 12 faizlə qorunur. Ancaq indiki qeyri- müəyyən şəraitdə bunun necə işləyəcəyini zaman göstərəcək. Burada söhbət həm də hökumətin davranışlarına etimad göstərməkdən gedir. Bu addımlar iki-üç il bundan əvvəl atılsaydı, daha effektiv olardı. İnsanlar bu qədər dollara maraq göstərməzdilər. Əhali gözləmə mövqeyindədir. Çünki manatın məzənnəsinin indiki səviyyədə qalacağına o qədər etibar etmir. Banklar özləri belə yığılan əmanətləri real sektora yönəldə bilmirsə, bu vəsaitin əmanət kimi toplanmasının ona hansı imkanlar verəcəyi bəlli deyil. Manat əmanətləri 12 faizlə qoyulursa, bunun kreditə verilməsi 20 faizdən aşağı olmayacaq. Bu da real sektorun maliyyə və kreditləşməsi üçün yüksək faizlərdir”.
Qeyd edək ki, dollar əmanətlərinin tam sığortalamaq istəyən əmanətçilər sözügedən qərara əsasən müqavilə şərtlərini yeniləməlidirlər. Bundan əlavə, martın 1-i tarixinə kimi xarici valyutada əmanəti olan əmanətçilərin müqavilə müddəti bitməyibsə, onların əmanətləri müqavilədə göstərilən faiz həddində sığortlanıb. Beləliklə, qərar köhnə xarici valyutada qorunan əmanətlərə şamil edilmir. Bununla yanaşı, yuxarıda qeyd etdiyimiz kimi, əmanətçilər istəsələr, müqavilə şərtlərini indiki qaydalara uyğunlaşdıraraq xarici valyutada olan əmanətlərini də üç il müddətinə tam sığortalaya bilərlər.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər