Dördgünlük müharibədən dörd il keçdi... - Video

dordgunluk-muharibeden-dord-il-kecdi
Oxunma sayı: 2078

4 il bundan öncə aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında başlayan hərbi münaqişə tarixə Aprel müharibəsi və ya Dördgünlük müharibə adı ilə düşüb. 

Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri baş vermiş ən şiddətli döyüşlər idi. Cəbhənin ən gərgin istiqamətləri Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli olub.

Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib. Belə ki, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub.

5 apreldə hər iki tərəfin razılığı ilə yenidən atəşkəs müqaviləsi imzalanıb. Rəsmi məlumata görə, 2 000 hektarlıq ərazi azad edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı açıqlamasında düşmənin 320-dən artıq hərbçisinin məhv edildiyini və 500-dən artıq erməninin yaralandığını bildirib. 

2016-cı il aprelin 19-da Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılıb.

“Qafqazinfo”nun ildönümü ilə bağlı hazırladığı videoçarxı təqdim edirik: