DOST Agentliyi Avropa Sosial Xidmətlər Mükafatına layiq görüldü

dost-agentliyi-avropa-sosial-xidmetler-mukafatina-layiq-goruldu
Oxunma sayı: 782

DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin “Avropa Sosial Xidmətlər Mükafatı – 2021” müsabiqəsinin qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, müsabiqə sosial xidmətlər sahəsində təşəbbüsləri, pandemiya dövründə yeni innovativ təcrübələrin tətbiqi əsasında insanların qayğı ilə əhatə olunması üçün kreativ həllərin tətbiqi, yeni texnologiya alətlərinin işə salınması və s. üzrə əldə olunan nəticələri dəyərləndirmək məqsədi daşıyıb.

DOST Agentliyi "Texnologiya alətləri" kateqoriyasında sosial xidmətlərdə smart modelin tətbiqinə görə Avropa Sosial Xidmətlər Mükafatına layiq görülüb. DOST Könüllülərinin fəaliyyətini əks etdirən “Dəyərləri birləşdir – bərabərliyə nail ol” adlı ərizəsi isə "Möhtəşəm Heyət" kateqoriyasında Avropa Sosial Xidmətlər Mükafatının finalçısı olub.

Müsabiqənin qalibləri münsiflər heyətinin səsləri ilə ictimai səsvermənin nəticəsinin cəmi əsasında müəyyən olunub. 20 mindən çox səs toplayan DOST Agentliyinin qazandığı səslərin təxminən 17 mini təşkilatın üzvü olan Avropa dövlətlərindən daxil olub.

DOST Agentliyi Avropa Sosial Şəbəkəsi Şurasının Avropa İttifaqı üzvü olmayan yeganə dövlət qurumu, eyni zamanda şəbəkənin tədbir və müzakirələrinin fəal iştirakçısı olan yeganə MDB təmsilçisidir.