Dövlət Agentliyi Fazil Mustafanın narazılığına cavab verdi

dovlet-agentliyi-fazil-mustafanin-naraziligina-cavab-verdi
Oxunma sayı: 3298

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi millət vəkili Fazil Mustafanın antitel testinin ödənişli olması ilə bağlı narazılığına cavab verib. 

Agentlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda bütün sığortaolunanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edə bilərlər:

“İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət (təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım və stasionar tibbi xidmət) daxildir. 

Yeni növ koronavirus infeksiyası ilə bağlı antitelin (Sars-Cov-2 Ig G, Ig M anticismlərin təyin və təqibi) laborator müayinəsi icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil.  

Pasiyentin həkim seçmək hüququ ilə bağlı məsələyə gəldikdə bildirək ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-4.1.2-ci maddəsinə əsasən sığortaolunanın tibb müəssisəsini, habelə həkimi seçmək (Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla) və Qanunla nəzərdə tutulmuş qaydada Xidmətlər Zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək hüququ vardır. 

Bir daha nəzərinizə çatdırırıq ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər icbari tibbi sığorta haqqı ödəməklə Xidmətlər Zərfindən pulsuz istifadə edə bilərlər. 

Digər şəxslər (heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər) isə 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Digər şəxslər üzrə icbari tibbi sığorta haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir”.

Qeyd edək ki, F. Mustafa bu gün parlamentin iclasında icbarı sığorta sisteminin düzgün olmadığını və pasiyentə həkim seçmək şansı verilməli olduğunu bildirmişdi