“Dövlət büdcəsində 291 milyon manat profisit yaranıb”

dovlet-budcesinde-291-milyon-manat-profisit-yaranib
Oxunma sayı: 1999

Hazırda Milli Məclisin xüsusi sessiyasında 2020-ci ilin dövlət büdcəsinə ediləcək dəyişikliklər müzakirə olunur.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, iclasda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib:

“Ölkəmizin xarici valyuta daxilolmalarının kəskin azalmasına və tədiyyə balansının pisləşməsinə səbəb olub. Bu ilin mart ayından başlayaraq COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub. İqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. Ölkədə iqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaradıb. Belə ki, cari ilin ilk altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsulun həcmi real ifadədə 2,7 faiz, o cümlədən qeyri neft-qaz ümumi daxili məhsulun həcmi 2,5 faiz, əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,7 faiz, o cümlədən qeyri neft-qaz sektoru üzrə 15,5 faiz azalıb. Kənd təsərrüfatı, informasiya və rabitə sahələri istisna olmaqla, ümumi daxili məhsulun strukturuna daxil olan digər sahələr üzrə azalma müşahidə olunub”.

T.Mirkişili əlavə edib ki, 2020-ci ilin 1 iyul tarixinə ölkənin valyuta ehtiyatları 51,1 milyard ABŞ dollarına bərabər olub.

Maliyyə naziri Samir Şərifov plenar iclasında çıxışı zamanı deyib ki, 2020-ci ilin ilk altı ayında dövlət büdcəsində 291,9 milyon manat profisit (büdcə artıqlığı) yaranıb: “Bu da proqnozlaşdırılan 58,8 milyon manat profisitdən 233,1 milyon manat çoxdur. Lakin apreldən etibarən Azərbaycanda ÜDM-in səviyyəsi aşağı düşüb və bu tendensiya davam edəcək. Dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi də büdcəyə dəyişikliyi zəruri edir”.

Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsində neftin bir barelinin qiymətinin 55 dollardan 35 dollara endirilməsi təklif olunur.