“Dövlət dini təhsil verə bilməz”

dovlet-dini-tehsil-vere-bilmez
Oxunma sayı: 2060

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov da ali məktəblərdə dinin tədrisi olunması məsələsi ətrafında yaranan müzakirələrdən danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə bildirib ki, din və təhsil məsələsində beynəlxalq təcrübədə əsasən 3 termindən istifadə edilir: “Bunlar dini tərbiyə, dini təhsil və dinlə bağlı tədrisdir. Dini tərbiyəni yalnız ailə verə bilər, dövlət dini tərbiyə verə bilməz. Dini təhsili dini təhsil ocaqları verir, dövlət dini təhsil verə bilməz. Amma dövlət dinlə bağlı tədrisi həyata keçirə bilər. Dinlə bağlı tədris isə dinin, şəriətin yox, dini biliklərin verilməsini nəzərdə tutur ki, bu da nə dünyəviliyə, nə də konstitusiyaya ziddir. Orta məktəblərdə riyaziyyat, fizika, ədəbiyyat və.s dərslər tədris edilir. Məqsəd hamını riyaziyyatçı, ədəbiyyatçı etməkdirmi? Yox! Riyaziyyatçı, fizik, ədəbiyyatçını ali məktəb yetişdirir. Orta məktəb riyaziyyat, fizika, ədəbiyyatla bağlı zəruri bilikləri verir. Dinlə bağlı tədrisin də məqsədi hamını dindar və ya din adamı etmək deyil. Sadəcə, dinlə bağlı minumum biliklər verməkdir. Bu bilikləri dövlət verməsə, başqaları verəcək, amma dövlətin maraqlarına zidd şəkildə edəcək. Artıq prosesə başlanılıb. Orta məktəbdə Həyat bilgisi fənni tədris edilir. Onun bir məqsədi də dini bilikləri verməkdir. Burda pis nə var ki?! Yaxud burada başa düşülməyəcək nə var ki?!”.

Günel Türksoy