Dövlət Fitosanitar Nəzarəti Xidməti xəbərdarlıq edir

dovlet-fitosanitar-nezareti-xidmeti-xeberdarliq-edir
Oxunma sayı: 972

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Xüsusi təhlükəli zərərvericilərdən olan mərmər bağacığının qonşu Rusiya və Gürcüstan ərazilərində geniş yayıldığını və Azərbaycan ərazisində də yayılma təhlükəsinin olduğunu nəzərə olaraq, əhaliyə diqqətli olmağı və bənzər zərərverici müşahidə edildikdə Dövlət Xidmətinin yerli qurumlarına müraciət etməyi tövsiyə edir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bununla əlaqədar olaraq Dövlət Xidmətinin yerli strukturları gücləndirilmiş iş rejiminə keçib və bölgədə bu zərərvericinin yayılma təhlükəsinin qarşısını almaq məqsədi ilə müşahidə və maarifləndirmə tədbirlərinə başlayıblar.

Mərmər bağacığı polifaqdır, bir çox bitkilərlə, o cümlədən  meyvə ağaclarından, alma, armud, ərik, şaftalı, xurma, əncir, fındıq və sitrus bitkilərinin bütün növləri, tənək, tərəvəz bitkilərindən pomidor, xiyar və bibər, eləcə də bəzək və dekorativ  bitkilərin bütün növləri ilə qidalanaraq ciddi zərər vurmaq qabiliyyətinə malikdir. Alma və armud ağaclarında nekroz əmələ gətirir və meyvələri yararsız hala salır. Fındıq və qoz ağaclarında meyvələrin inkişafı  dovrünə zərər vurmaqla  məhsulun kəmiyyət və keyfiyyətcə pisləşməsinə səbəb olur.

Qeyd edək ki, mərmər bağacığı yarımsərtqanadlılar (Hemiptera) dəstəsinin  pentatomidlər  (Pentatomidae) fəsiləsinə aiddir. Yaşlı fərdlərin rəngi qəhvəyidir. Bel və baş nahiyyəsi spesifik mərmərəbənzər naxışlarla örtülüdür ki, adlandırmada bu əlamət nəzərə alınıb. Bədənin aşağı hissəsi ağımtıl  və ya ağ qəhvəyi rəngdədir. Bədən quruluşu armudvari olmaqla, yığcam formada 12-17 mm təşkil edir.
 
Qeyd edək ki, xüsusi təhlükəli zərərvericilərdən olan mərmər bağacığının (Halyomorpha halys Stal) müxtəlif meyvə, tərəvəz və bəzək bitkilərinə kütləvi zərər vurması MDB məkanında ilk dəfə 2015-ci ilin payız aylarında Soçi şəhərində müşahidə olunub. Az sonra zərərvericinin Gürcüstan Respublikasının müxtəlif (Abxaziya və s.) ərazilərində fındıq bağlarına, eləcə də digər kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vurduğu aşkar olunub.

2016-cı ildə aparılmış müşahidələr zamanı bu zərərvericilərin Rusiyanin Qara dəniz sahillərində və Abxaziyada meyvə bağlarına ciddi zərər vurduğu, meyvələri yararsız hala saldığı müəyyən edilib. Mərmər bağacığının Abxaziyanın Qulripşski və Süxumi rayonları ərazisində kütləvi çoxalması nəticəsində xurma, fındıq, qoz, şaftalı və naringi ağaclarına ciddi ziyan dəyib. 
      
Zərərli növün əsas vətəni Cənub-Şərqi Asiya, Çin, Yaponiya, Tayvan və Vyetnamdır. İlk dəfə 1996-cı ildə ABŞ-ın  bütün ərazilərində müşahidə olunduğu və məhsuldarlığı aşağı saldığı üçün xüsusi təhlükəli zərərverici elan olunub.