Dövlət Gömrük Komitəsi karqo şirkətləri ilə bağlı məlumat yaydı

Dövlət Gömrük Komitəsi karqo şirkətləri ilə bağlı məlumat yaydı
Oxunma sayı: 2555

Bəzi kütləvi informasiya vasitələrində daşımayla məşğul olan karqo şirkətlərinin fəaliyyətləri zamanı qanunsuzluqlara yol verməsi ilə bağlı məlumatlar dərc olunub və bu məlumatlarda məsələyə aidiyyəti olmadığı halda Dövlət Gömrük Komitəsinin, onun rəhbərliyinin adı hallandırılıb.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Gömrük Komitəsi bununla bağlı rəsmi məlumat yayıb.

Bildirilir ki, həmin məlumatlarda karqo şirkətlərinin daşıdıqları malların həm də gömrük rəsmiləşdirilməsini həyata keçirdikləri, bu zaman malların qiymətinin aşağı göstərildiyi, saxta invoyslar tərtib etdikləri, bu yolla da vergi və rüsumlardan yayındıqları, haqısz rəqabət yaratdıqları iddia edilir. Üstəlik, idxalla məşğul olan sahibkarların real invoyslar əsasında müstəqil şəkildə gömrük rəsmiləşdirilməsi apardıqları üçün daha çox vergi və rüsum ödədikləri və bunun da idxal etdikləri malların dəyərinin artmasına səbəb olduğu bildirilir.

Dövlət Gömrük Komitəsi və onun rəhbərliyi dəfələrlə bəyan edib ki, son illərdə gömrük sistemində aparılan islahatların əsas hədəflərindən biri şəffaflığın, maliyyə intizamının təmin olunması, əlverişli biznes mühitinin yaradılması hesabına qanuni ticarətin inkişaf etdirilməsidir. Son dövrlərdə bu istiqamətdə informasiya texnologiyalarının tətbiqi hesabına bir sıra innovativ layihələr həyata keçirilib, vətəndaş-məmur təmasının minimuma endirilməsi üçün mühüm addımlar atılıb.

Görülən işlərin də əsas hədəfi xarici ticarətin qanunvericiliyə uyğun olaraq asan və sürətli şəkildə həyata keçirilməsidir. Bu məqsədlə daşıyıcı şirkətlər, sahibkarlar, gömrük təmsilçiləri ilə dəfələrlə görüşlər keçirilib və bu görüşlərdə ticarətin qanuni yollarla həyata keçirilməsi, malların real dəyər əsasında tərtib olunan orijinal invoyslarla bəyan edilməsi, gömrük rəsmiləşdirilməsinin sahibkar və ya onun qanuni təmsilçisi tərəfindən aparılması mövzuları müzakirə olunub.

Bir sözlə, ölkəmizin gömrük orqanları xarici ticarət iştirakçılarına münasibətdə kimliyindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər kəsə eyni mövqedən yanaşır və başlıca meyar qanunvericiliyə əməl edilməsi, qanuni ticarətin inkişafıdır. Eyni zamanda, idxal-ixrac əməliyyatları zamanı vergi uçotunun dəqiq aparılması məqsədilə gömrük və vergi orqanlarının birgə fəaliyyəti rəsmiləşdirmə prosesinin daha dəqiq həyata keçirilməsini təmin edir.

Üstəlik, kütləvi informasiya vasitələrində yayımlanan açıqlamalarda, sahibkarlar və onları təmsil edən qurumlarla keçirilən görüşlərdə dəfələrlə xarici ticarətlə məşğul olan şəxslərə mallarını karqo şirkətlərinin müdaxiləsi olmadan müstəqil və ya gömrük təmsilçiləri vasitəsilə bəyan etmək tövsiyə olunub.

Ümumiyyətlə, idxal-ixrac əməliyyatlarında hər hansı qanunsuz əməllərə gömrük orqanlarının göz yumması ilə bağlı deyilənlər isə tamamilə böhtan xarakterli məlumatlardır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi