Dövlət Komitəsi nazirliyə qarşı iddia qaldırıb

dovlet-komitesi-nazirliye-qarsi-iddia-qaldirib
Oxunma sayı: 1487

Əmlak Məsələləri Dövlət Komitəsi 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia qaldırıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Komitə Dövlət Sosial Müdafiə Fondunu Cəlilabad rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yerləşdiyi obyektə görə icarə haqqını ödəməməkdə ittiham edib və 753 manat ödənilməsini tələb edib. 

Belə ki, ƏMDK ilə nazirlik arasında 2006-ci il yanvarın 9-da icarə müqaviləsi imzalanıb. Müqavilənin 2-ci bəndinə əsasən illik icarə haqqının məbləği 110,04 manat, müqaviləsinin müddəti isə 2016-cı ilədək müəyyən olunub. Lakin bu müqaviləyə 2009-cu il dekabrın 30-da xitam verilib. 

Həmin müqavilənin şərtlərinə əsasən nazirlik icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini öz üzərinə götürsə də, müqavilənin şərtinə əməl olunmayıb, Mərkəz ötən müddət ərzində obyektdən istifadə etsə də, icarə haqqını ödəməyib. Beləliklə, Fondun dövlət büdcəsinə ödənilməli olan 753 manat məbləğində icarə haqqı borcu yaranıb. Nazirliyə 2017-ci il sentyabrın 15-də xəbərdarlıq məktubu ilə müraciət edilsə də, icarə haqqını ödəməkdən imtina ediblər.

Məhkəmə iclasının vaxtı və yeri barədə nazirliyin müvafiq qurumuna qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməyib.

Cəlilabad şəhəri, H.Əliyev prospketi 133 ünvanında yerləşən, ümumi sahəsi 183,4 kv.m təşkil edən qeyri-yaşayış sahəsi Cəlilabad rayon İcra hakimiyyətinin balansındadır.

İşə baxan hakim Səbinə Nuriyeva qeyd edib ki, icarə haqqını tələb etmək üçün qanunvericilikdə müəyyən olunmuş 5 illik müddət keçib.

Buna görə də Komitənin Fonda qarşı iddia ərizəsi təmin edilməyib.

Murad Əhməd