Dövlət Komitəsinin sədri almaniyalı professorla görüşdü

dovlet-komitesinin-sedri-almaniyali-professorla-gorusdu
Oxunma sayı: 1318

Azərbaycanda səfərdə olan Bohum Universitetinin Sülhün Tədqiqi və Beynəlxalq Humanitar Hüquq İnstitutunun beynəlxalq hüquq üzrə professoru Hans Yoahim Hainz Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

"Qafqazinfo" xəbər verir ki, F.Muradov qonağa komitənin fəaliyyəti, diasporun təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında rolu barədə ətraflı məlumat verib. Qeyd edib ki, Avropada Azərbaycanla bağlı həqiqətləri dilə gətirə bilən tədqiqatçılarından biri olan professorun fəaliyyəti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı alman cəmiyyətinin məlumatlandırılmasında mühüm rol oynayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Hans Yoahim Hainz Azərbaycana tədqiqat səfərinə gəldiyini söyləyib. Onun sözlərinə görə, işğalın nəticələri və post-müharibə dövrünün çağırışları ilə bağlı tədqiqatlar aparır. Regionda vəziyyətlə bağlı apardığı tədqiqatlardan söz açan qonaq qeyd edib ki, münaqişələr və müharibələrlə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında müstəqil araşdırmaların böyük əhəmiyyəti var.

Qeyd edək ki, Hans Yoahim Hainz eyni zamanda Almaniya Xarici İşlər Nazirliyinin nəzdində Alman Diplomatik Akademiyasının məruzəçisidir. O, Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı monoqrafiyanı 2016-cı ildə alman dilində, BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrə dair hüquqi rəyi 2020-ci ildə ingilis dilində nəşr etdirib.