Dövlət Komitəsinin yaradılmasının 21-ci ildönümü qeyd olundu - Fotolar

dovlet-komitesinin-yaradilmasinin-21-ci-ildonumu-qeyd-olundu
Oxunma sayı: 1507

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 21-ci və Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasının 5-ci ildönümü münasibətilə tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Komitə sədri Fuad Muradov bu əlamətdar gün münasibətilə diaspor hərəkatına töhfə verən hər bir azərbaycanlını təbrik edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə yaradılmış “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi”nin varisi olduğunu xatırladıb. 

O, Heydər Əliyev siyasi kursunun hazırda da uğurla davam etdirildiyini, qalib xalqımızın diaspor hərəkatının yeni mərhələyə qədəm qoyduğunu və Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında dövlət başçımızın tövsiyələri istiqamətində fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli mədəni irsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlıların mütəşəkkil təşkilatlanması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Dünyanın müxtəlif ölkələrində təsis edilmiş Koordinasiya şuralarının, xaricdəki həmvətənlərimizin istifadəsinə verilmiş Azərbaycan evlərinin, Qarabağ, Nizami Gəncəvi və Xurşidbanu Natəvanın adlarını daşıyan Azərbaycan dili məktəblərinin buna bariz nümunə olduğunu vurğulayıb.

Çıxış edən diaspor nümayəndələri Səadət Abdullayeva (Gürcüstan), Ələddin Məmmədov (Rusiya), Əjdər Tağızadə (İsveç), Teymur Rzayev (Türkiyə), Maya Bağırova( Fransa), Ceyhun Nəcəfov (Kanada), Kamilla Məmmədova və Zəminə Mirhadıyeva (ABŞ) Komitənin və Fondun yaradılmasını diaspor tarixində mühüm hadisə adlandırıblar. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin zəngin mədəni irsinin təbliği istiqamətində həyata keçirilən fəaliyyət istiqamətlərini yüksək qiymətləndiriblər.