“Dövlət mediaya diqqət və qayğı ilə yanaşır” - Vüqar Əliyev

dovlet-mediaya-diqqet-ve-qaygi-ile-yanasir
Oxunma sayı: 4254

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev DTX-nın Mədəniyyət Mərkəzində “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransda çıxış edib.

Qafqazinfo”nun tədbirdə olan əməkdaşının verdiyi xəbərə görə, Vüqar Əliyev bildirib ki, Azərbaycan həssas regionda yerləşən, ərazisi işğal olunan ölkə olmasına baxmayaraq müstəqil siyasət yürüdür:

“Bunun səbəbi prezident İlham Əliyevin yeritdiyi praqmatik siyasətdir. Xalq da bu siyasəti dəstəkləyir. 1990-cı illərin əvvəllərində siyasi qüvvələr gəncləri marginal qüvvələrin maraqlarına xidmət etməyə məcbur edirdilər. Yalnız Heydər Əliyevin səyi nəticəsində Azərbaycanda gənclər siyasəti möhkəmləndi. Son illər Azərbaycan gəncləri ilə bağlı 2 proqram qəbul edilib, gənclərin inkişafı strategiyası təsdiqlənib. Bunlar görülən işlərin kiçik bir hissəsidir. Gənclər mediada fəallıqları ilə seçilirlər. Azərbaycan gənci təkcə öz missiyasını yerinə yetirməklə kifayətlənmir, bu sərhədi də aşırlar. Azərbaycanda dövlətçilik maraqlarını qoruyan media orqanlarına böyük diqqət və qayğı ilə yanaşılır, maddi yardım göstərilir, jurnalistlər yaşayış evləri ilə təmin edilir. Son illər sosial medianın imkanlarının artması medianın məsuliyyətini də artırır. KİV orqanı vətənpərvərliyi, dövlətçiliyi təbliğ etməlidirlər. Gənclər dərk etməlidirlər ki, jurnalistika kifayət qədər məsuliyyətli sahədir. Gənc jurnalistlər erməni terrorizminin xalqımıza hansı bəlalar yaşatdığını bilməli, peşəkarların təcrübəsindən yararlanmalı, cəmiyyətin nəbzini tutmağı bacarmalıdırlar”.

Murad Əhməd

Foto: Nuran