“Dövlət müstəqilliyimizin yaşını kiçiltmək qəbuledilməzdir!”

dovlet-musteqilliyimizin-yasini-kiciltmek-qebuledilmezdir
Oxunma sayı: 1810

Hər bir xalqın özünün tarixi olduğu kimi, bu tarixi ərzində ona dövlət qurmaq və müstəqil olmaq nəsib olubsa ayrıca dövlətçilik və müstəqillik tarixi də olur. Azərbaycan xalqının qədim dövlətçilik tarixi ənənələrinə malik olmasına və hazırkı ərazilərimiz də daxil olmaqla ulu babalarımız tərəfindən müxtəlif dövlətlərin yaradılmasına baxmayaraq, yaşadığımız müasir Azərbaycanın özünün də müəyyən müstəqillik tarixi var.

Təbii ki, biz də xalq və millət olaraq hazırkı müstəqil dövlətimizin yaşının dünya coğrafiyasında minilliklərə və ya çoxəsrlik tarixə dayanmasını istərdik. Hər bir halda bir xalq kimi mövcudluğumuzun tarixi minilliklərə dayansa da, yerləşdiyimiz coğrafi mövqenin mürəkkəbliyi və daim dünya güclərinin maraqları üçün episentr olması müstəqil olmağımıza mane olub. Ancaq insanlığa böyük bəlalar gətirən birinci dünya müharibəsindən sonra bir çox imperiyaların məhvi və dünya coğrafiyasının yenidən şəkilləndirilməsi müəyyən mənada bizim də işimizə yaradı. Mövcud vəziyyəti və baş verən prosesləri düzgün qiymətləndirən tarixi şəxsiyyətlərimiz müstəqil Azərbaycan dövlətinin qurulmasına nail oldular və hazırkı coğrafiyamızda ilk dəfə olaraq 28 may 1918-ci ildə Azərbaycan adlı dövlət yaradıldı. Hər bir hadisənin konkret olaraq bir tarixi olduğu kimi, müstəqil Azərbaycanın doğum günü də, məhz o gün əbədi və dəyişilməz olaraq tarixə həkk olundu.  

Sovetlər Birliyi adlı fırtınanın gəlməsi ilə Azərbaycanla yanaşı həmin dönəmdə yaxın coğrafiyada müstəqillik əldə etmiş bir çox dövlətlərin müstəqillikləri də əllərindən alındı. Müstəqilliyimiz əlimizdən alınsa da, xalq olaraq yerləşmə coğrafiyamız və Azərbaycan adımız üzərimizdə qaldı. Müstəqilliklə bağlı bir çox atributlarımızdan məhrum edilsək də, yenə də paytaxtımız Bakı idi, indiki kimi Türkiyə və İranı elə öz statusumuzda olan Rusiya ilə birləşdirirdik və bir gözümüz Moskvada olsa da, digər gözümüz müstəqillik dövründəki sərhədlərimizdə idi. Ayrıca bir dövlət və müstəqilliyin ləzzətini dadmış bir xalq olaraq daim o müstəqilliyimizi yenidən bərpa etmək və ona qovuşmaq üçün yollar axtarırdıq. Bu yolun axtarışı ömrümüzdən 70 il və ərazilərimizdən bir hissəni alsa da, bir çox digər dövlətlər kimi bizə də, 18 oktyabr 1991-ci ildə yenidən o müstəqilliyimizi bərpa etməyi nəsib etdi. Təbii ki, yenidən müstəqilliyimizə qovuşduğumuz zaman 70 il əvvəl qoyduğumuz çox şey yerində deyildi, itirdiklərimiz çox idi və bu itirmə prosesi hələ də davam edirdi. Müstəqilliymizə qovuşduqdan sonra, ilk öncə itkilərimizi dayandırmaq və onları bərpa etmək kimi çox vacib missiyamız var idi.

Bu qədər çox da uzaq olmayan və aydın şəkildə mövcud olan tarixi hadisələri bəzən fərqli şəkildə təsvir etmək yanlışdır. Bu aydınlığı və məntiqi də bir kənara qoysaq ən az saxtakar qonşularımızın öz yalançı tarixlərini minilliklərə bağlamağa çalışmalarının fonunda biz real müstəqillik tariximizi kiçiltməyə imkan verə bilmərik. Müstəqil Azərbaycan 28 may 1918-ci ildə doğulub və bir əsrdən artıq, daha dəqiq 103 yaşı var. 18 oktyabr 1991-ci ildə isə itirdiyi müstəqilliyinə qovuşan Azərbaycan özünü Azərbaycan Xalq Cümhüriyyətinin varisi elan edib. Bəlkə də, hər iki hadisənin canlı şahidləri olacaq qədər çox da böyük olmayan bir tarixi dönəmdə baş verən bu şanlı tarixi rəsmiləşdirməyin və hər bir hadisəyə layiqli qiymətin verilməsi zəruridir. Özlərinin fəaliyyətlərini şişirtməklə, müstəqilliyimizin yaşını kiçiltmək hesabına olsa belə onu öz adlarına yazmağa cəhd edənlərin arqumentləri isə sadəcə gülüncdür. 

Maraqlarına və mənafelərinə uyğun gələndə dərhal qurucu babalarımıza istinad edən bəzi siyasilərimiz, elə istinad etdikləri həmin babalarımızın fəaliyyətinə bu məsələdə kölgə salmağa çalışırlar. Biz ki, müstəqilliyimizi indiki hakimiyyətin dönəmində əldə etdiyimizi demirik, sözlərindən şüar düzəltdiyiniz və lazım gələndə şəkillərini başınızın üzərindən asdığınız babalarımızın dönəmində baş verən real tarixi hadisələr nəticəsində qazandığımızı deyirik. Eyni məntiqlə davam etsək, müstəqilliyimizi bərpa etməklə paralel olaraq itirdiyimiz iyirmi faiz ərazilərimizdə bərpa ola bilməyən müstəqilliyi hara və kimin  adına yazaq?! 28 may deyil, 18 oktyabr müstəqillik günüdürsə, bəs o zaman 44 günlük müharibədə əldə etdiyimiz qələbə tarixinin adı nədir?! Bəli, o tarixin də öz adı var. 28 mayda əldə etdiyimiz və sonradan müvəqqəti olaraq itirdiyimizə görə 18 oktyabrda bərpa etdiyimiz müstəqillik bir çox səbəblərdən iyirmi faiz tarixi ərazilərimizdə bərqərar ola bilmədi. Biz 44 günlük Vətən müharibəsində ərazilərimizi işğaldan azad etməklə yanaşı, həm də, həmin ərazilərimizdə müstəqilliyimizi bərpa etdik. 

Müstəqillik müqəddəsdir və müqəddəslər isə ölmür! Tarix, xüsusilə də dövlətçilik tarixi də tarixdir, onu dəyişməyə cəhd etmək olar, ancaq dağıdıcı sovet maşınının da 70 il ərzində edə bilmədiyi kimi silmək olmaz! Gəlin dövlətimizi, onun müstəqilliyini və müstəqillik ömrünü cılız ambisiyalarımıza qurban verərək kiçiltməyək ki, yenidən onun bərpası öhdəliyi ilə üz-üzə qalmayaq. Yaşasın müstəqillliyi əbədi, dönməz və sarsılmaz olan Azərbaycan!

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov